Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sferasına da xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Lənkəranın ictimai-siyasi və mədəni həyatında Mədəniyyət Mərkəzinin böyük rolu olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Dövlətimizin başçısına Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üç mərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.
Diqqətə çatdırıldı ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Bildirildi ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illər ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlarin qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.