Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin parlamenti-Joqorku Keneşin sədri Asılbek Jeenbekovla görüşüb.
A.Jeenbekov Azərbaycanın son illər bütün sahələrdə əldə etdiyi uğurlardan məmnun olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğızıstan tərəfinin maraqlı olduğunu söyləyib. O, ulu öndər Heydər Əliyevin dünya şöhrətli siyasi xadim olduğunu, Azərbaycanın inkişafında böyük xidmətlər göstərdiyini vurğulayıb.
H.Orucov Azərbaycan və ümummilli lider Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə parlamentin sədrinə təşəkkürünü bildirib. O, Qırğızıstanın sosial-iqtisadi inkişafı sahəsində inamlı addımlar atılması, xalqın rifahının yüksəldilməsində ölkənin indiki hakimiyyətinin, o cümlədən parlament sədrinin fəaliyyətini yüksək qiymətləndirib.
Səfir 2014-cü ildə Qırğızıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 2013-cü illə müqayisədə 1,5 dəfə artdığını, ölkələrarası əməkdaşlığın daha da inkişafı üçün hələ də istifadə edilməmiş potensialın olduğunu bildirib.
H.Orucov vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq əlaqələri təkcə siyasi, iqtisadi və humanitar sahələrdə deyil, həm də parlamentlərarası əlaqələrin dərinləşdirilməsi istiqamətində inkişaf edir. Bu xətt Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Səfir Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kurmanbek Dıykanbayevin və digər deputatların səmərəli fəaliyyətləri haqqında da söhbət açıb.H. Orucov bu ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında danışıb, ölkəmizin bu Oyunlara hazır olduğunu qeyd edib.
A.Jeenbekov Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib və Oyunların uğurla keçirilməsini arzulayıb.
Parlamentin sədri ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işində Azərbaycanın Qırğızıstandakı diplomatik nümayəndəliyinin, xüsusilə səfir H.Orucovun rolunu xüsusi qeyd edib.