“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasına başlayıb.
Teleqraf.cm-un məlumatına görə, layihə çərçivəsində müasir informasiya texnologiyalarından istifadə etməklə qanunvericiliyə edilmiş düzəlişlərin 2014-cü il seçkilərindən sonra formalaşmış bələdiyyələrə izah edilməsi nəzərdə tutulur. Təşkilat həmçinin layihə çərçivəsində yeni internet resurs yaratmaqla bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətindədir. Layihənin ana xəttini təşkil edən bələdiyyələrin informasiya məlumat-bazasını özündə ehtiva edən internet resursu vasitəsiylə bələdiyyə üzvlərinə digər hüqiqi xidmətlər təşkil edəcəkdir. İctimai birlik əmindir ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə bələdiyyələr arası əlaqənin qurulmasına təkan veriləcək, həm də onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır.
Xatırladaq ki, 2014-cü ilin dekabrında ölkəmizdə keçirilən bələdiyyə seçkilərində yeni seçilən 15.035 bələdiyyə üzvünün 48% -i ilk dəfədir ki seçilibdir.
Qeyd edək ki, ötən il bir sıra qanun və hüquqi sənədlər, artıq cari ildən qüvvəyə minib. Əmlak vergisinin yığımıyla bağlı prezident fərmanı bələdiyyələrə əmlak vergisinin yığımına müsbət mənada ciddi təsir edəcəkdir. Lakin regionda bələdiyyələr tərəfindən əmlakın uçotunun elektronlaşdırımaması, habelə əmlakın yeni dərəcələri haqqında bilgilərin olmaması gələcəkdə əmlak vergisinin yığımına mənfi təsir edə bilər. Layihə çərçivəsində Bakının Suraxanı, Ağdam və Tərtər rayonlarındakı bələdiyyələrə qrup şəklində hüquqi dərslər təşkil ediləcək və qeyd edilən məsələlərlə bağlı metodik tövsiyələr veriləcəkdir.
Nəticə etibarı ilə Bakıda (Suraxanı rayonu üzrə 6 bələdiyyə olmaqla ) o cümlədən sərhədyanı bölgələrdə (Ağdam rayonu üzrə 14 bələdiyyə və Tərtər rayonunda 25 bələdiyyə olmaqla) cəmi 306 bələdiyyə üzvünə yeni yaradılan informasiya resursu vasitəsilə hüquqi yardım göstəriləcəkdir.
Elektron informasiya-məlumat bazasının yerləşdiyi internet resursda bələdiyyə üzvləri haqqında geniş səpgili məlumat, o cümlədən onlarla əlaqə məlumatları daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə üzvlərin təmsil olunduğu bələdiyyənin ötən beşillikdəki fəaliyyətini özündə əks etdirən hesabat xarakterli məlumatların elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Resursa Azərbaycan bələdiyyə sisteminə aid yeni hüquqi sənədlər toplusuda daxil ediləcək və disk formatında bələdiyyələrə paylanılacaqdır.
BƏXTİYAR