28 Aprel 2015 10:58
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizi küçələrdən yığışdırdılar, indi yaxşıyıq..."

Paytaxtda küçə uşaqları ilə tez-tez rastlaşırıq. Amma çoxumuz onların küçədə yaşadığının fərqinə varmırıq. Küçədə dolaşdıqlarından xəbərimiz olsa da...

Mən onları hər dəfə şəhərin mərkəzi küçələrinin birində görürdüm. Bir gün rəfiqəmlə yenə onlarla qarşılaşdıq. Uşaqlara yaxınlaşıb onlardan yazı hazırlamaq istədiyimi deyəndə biri qayıtdı ki, indi yox, amma facebook profilini de, yazım sənə. Təəccübləndim, amma profilimi verdim.

"Mən sənə yazacam" deyib uzaqlaşdı. Üç gün sonra mənə dostluq təklifi yollayıb mesaj yazdı ki, sabah Nizami küçəsində olacağıq, istəsəniz gəlin.

Küçə uşaqları ilə söhbətləşmək üçün dedikləri ünvana yollandım.

"Qızların internet klubda gecələməsinə icazə verilmir"

Dörd nəfərlik "küçə komandası" ilə söhbətləşməyə başladıq. İçlərində iki uşaq daha fəal idi: Rüfət Səlimov və Natiq Əliyev.

İlk olaraq neçə nəfər olduqlarını soruşdum. Bildirdilər ki, 6 nəfərdilər, 4 oğlan, 2 qız: "Biz küçələrdə, binaların zirzəmisində, bəzən də internet klublarda qalırıq. İnternetə də, adətən, gecələr giririk. Bəzən internetdən istifadəyə görə pul veririk, bəzənsə yox... Baxır klubu işlədənin insafına. Biz oğlanlar internet klubda gecələyəndə qızlar bizimlə orda qalmırlar. Çünki internet klubda qalmağa onlara icazə vermirlər".

Rüfət Səlimov 2001-ci ildə Bakıda anadan olub. Deyir ki, atası daim içki içir və onu döyürmüş: "Soruşanda bəzilərinə deyirəm ki, atam-anam yoxdu, rəhmətə gediblər. Amma yalan deyirəm, sağdılar. On dörd yaşım var. Səkkiz yaşından küçədə yaşayıram. Atam hər gün içki içir, anamı və məni döyür, məni küçəyə atırdı. Həmin vaxtdan küçədə yaşamağa qərar verdim. Düşünürdüm ki, döyülməkdənsə küçədə yaşasam daha yaxşıdır. İlk vaxtlar çətin olurdu. Hətta bir müddət gedib nənəmin yanında yaşayırdım. Atam arada məni gəlib-görüb gedirdi. Sonra nənəm məni uşaq evinə göndərdi. Orda qala bilmədim, ürəyim sıxılırdı deyə qaçdım".

"Biz oğruluq etmirik"

Həmsöhbətim deyir ki, daha çox şəhərin mərkəzi küçələrində yaşayırlar: "Torqovıda, "28 May" metrosu yaxınlığında oluram. Küçəyə "köçməzdən" əvvəl dərsə gedir, az-çox yazmağı bilirdim. Uşaq evində oxumağı da öyrənmişəm. Evdəkilər mənə "gəl, evdə qal" deyirlər, amma mən arada gedib tez də qaçıram. Çünki küçədə qalmağa öyrəşmişəm".

Natiq Əliyevin də həyat hekayəsi Rüfət Səlimovunku ilə təxminən eynidir. Amma Natiqin valideynləri artıq həyatda yoxdur. Qohumlar isə onu saxlamaq istəmirlər.

Natiq 2001-ci ildə Maştağada anadan olub: "Valideynlərim öləndən sonra əmim məni evdə görmək istəmədi. İndi on dörd yaşım var, səkkiz yaşımdan küçələrdəyəm. Əmim içkili olanda məni döyür, işgəncə verir, yuxusuz qal deyirdi. Dəfələrlə məni evdə görmək istəmədiklərini söyləyirdilər. Mən də evdən qaçıb küçələrdə yaşamağa başladım. Sonra küçədə Rüfətlə, Fəridlə tanış odum. Birlikdə yeyir, gəzir, gecələyirik. Balkonda, binanın zirzəmilərində qalırıq".

Onlardan "Küçə uşaqlarının bəzi vərdişləri olur, sizdə necə?" deyə soruşanda "biz oğurluq etmirik" cavabını verdilər: "Desəm ki, siqaret çəkmirik, kimsə inanmaz. Siqaret çəkirik. Bir dəfə də kley iyləmişdik. Başımız gicəlləndi, özümüzü pis hiss etdik, ona görə daha kley də iyləmirik. İçki də içmirik. Ən əsası, oğurluqdan, cinayətdən uzağıq.

Şəhərdə gecə o qədər içkili insanlar olur, bizi söyürlər, döyürlər də, amma biz heç nə demirik. Cavab da qaytarmırıq. Küçə uşağı olsaq da, böyüyə hörmət edirik".

"Əsl dostlarımız facebook-dakı insanlardı"

Natiq Əliyev deyir ki, küçələrdə yaşadıqları üçün soyuqdan donub ölməkdən qorxur: "İndi havalar yavaş-yavaş isinir. Amma qışda qar yağanda balkonlarda, zirzəmilərdə titrəyə-titrəyə o qədər qalmışam. Soyuqdan donub ölməkdən qorxuram. Mənim arzum odur ki, çöldə qalan uşaqların hamsına qalmağa ev olsun.

Bizim əsl dostlarımız facebook insanlarıdır. Onlar bizə paltar verirlər. Bəzən Rüfət facebookda yazır ki, çimmək istəyirik, yerimiz yoxdur. Xeyirxah insanlar deyir ki, gəlin bizdə çimin. Gedirik evlərində çimirik, isti yemək yeyib gəlirik. Bəzən məni övladlıq götürmək istəyən də olur, amma mən istəmirəm kiminsə mənə yazığı gəlsin".

Rüfət Səlimov deyir ki, işləmək istəsələr də onları işə götürən yoxdur: "Restoranlara, kafelərə gedib iş istəyirik. Amma deyirlər, siz balacasınız. Bəzən mənə təklif edirlər ki, usta yanında şagird ol, nəsə öyrən. Amma orda işləsəm, harada qalacam? Axı, hər gün təmiz vəziyyətdə olmalıyam. Həftədə bir gün çiməndə sevinirik. Geyimlərimizi də yığdığımız pulla 8-ci kilometr bazarından alırıq. Bəzən bazarda özləri havayı verirlər".

Uşaqlar deyir ki, onların istəyi kinoloq olmaqdır: "Heyvanları çox sevirik. Küçədə qalan heyvanlara baxırıq. Tapdığımız yeməkdən onları da yemləyir, gəzdirirk. Bizim imkanımız olsaydı, kinoloq olardıq (kinoloq - itlərin təlim-tərbiyəsi ilə məşğul olan şəxsə deyilir)."

Küçədə mehriban ailə görəndə darıxır

Natiq Əliyev deyir ki, sağlamlığını gəzməklə qoruyur: "Xəstələnəndə də gəzirəm. Çünki baxacaq kimsəm yoxdur. Ailəmiz daha çox şəhərdə mehriban ailə görəndə yadıma düşür. Onda pis oluram. O qədər kənara çəkilib ağladığım vaxtlar olub ki. Görürəm, məndən yaxşı geyiniblər, gülürlər-danışırlar. Heç kimdən əskik deyiləm, amma ailəm yoxdur".

Rüfət Səlimovun sözlərinə görə, sığınacaqda yaşamaq artıq onlara çətin gəlir: "Biz daha sığnacaqda qala bilmirik. Komanda şəklində gəzir, yeyir, yer tapanda qalırıq. Bilirik ki, belə davam etsə, gələcəyimiz olmayacaq".

Daha sonra özləri demiş, komandanın digər üzvləri gəlir, onları çağırıb aparır. Rüfət və Natiq bziimlə tez-tələsik sağollaşıb gedirlər.

Görüşdən sonra televiziyaların birində Rüfəti gördüm. O, artıq Sabunçuda uşaq evində qaldığını bildirirdi. Rüfətə facebook-da yazdım. O, bunun həqiqət olduğunu təsdiq etdi: "Polislərin məsləhəti ilə biz buraya gəldik. Burda bizə yaxşı baxırlar. Natiq də burdadı".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər