29 Aprel 2015 12:19
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin yaradılması elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biridir. Bu proses 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırılıb. Artıq bu il 7 ixtisas üzrə AMEA-da magistratura təhsilinə start veriləcək”.

AMEA-da keçirilən ümumi yığıncaqda akademiyanın prezidenti Akif Əlizadə bu fikirləri bildirib. O, 2014-cü ilin ölkəmiz üçün itkilərlə yanaşı uğurlu il kimi xarakterizə olunduğunu deyib. Dünyasını dəyişən elm adamlarının xatirəsi yad edilib.

Akademik deyib ki, beynəlxalq səviyyəli ekspertlər Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri, həmçinin Cənubi Qafqazın lider dövləti kimi qiymətləndirirlər.

Akif Əlizadə akademiyanın strukturunda ötən il Biofizika və Smart materialları Mərkəzi, Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti, Qafqazşünaslıq institutlarının yaradıldığını vurğulayıb. Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Fəlsəfə və Hüquq İnstitutu, Mərdəkan Dendrarisinin Dendrologiya İnstitutu, Kimya Problemləri İnstitutunun Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Kibernetika İnstitutunun isə İdarəetmə Sistemləri İnstitutu adlandırılması haqqında müvafiq qərarlar qəbul edildiyini qeyd edib.

Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən akademik yalnız AMEA üçün deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib. O, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin uğurla həyata keçirildiyini, vakant yerlərə 26 həqiqi və 50 müxbir üzvün seçildiyini əlavə edib: “2014-cü il bütövlükdə ölkəmizin elmi həyatı üçün bir sıra "ilk"lərlə də yadda qalıb. Belə əlamətdar hadisələrdən biri də 10-11 noyabr tarixində AMEA, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq keçirilən “Bakı Elm Festivalı-2014” olub. Elmimizin nailiyyətləri, həmçinin elmi innovasiyalar festivalda nümayiş olunub, informasiya-kommunikasiya texnologiyaları və digər müasir innovativ üsullar əsasında elmin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Akademik bildirib ki, elmin populyarlaşdırılması vasitəsilə cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək baxımından festival böyük əhəmiyyətə malik olub. Bir sıra sərgiləri, mühazirələri, elmi səyahətləri, maraqlı şou və digər əyləncəli proqramları əhatə edən tədbirdə xarici qonaqlar, respublikamızın dövlət və özəl qurumlarının nümayəndələri, orta və ali təhsil müəssisələrinin çoxsaylı şagird və tələbələri, həmçinin adi vətəndaşlar böyük maraqla iştirak ediblər”.

Akademik ilk dəfə keçirilən tədbirlərdən birinin də Azərbaycan alimlərinin I Qurultayının olduğunu deyib. AMEA-nın bir sıra elmi müəssisələri ilə bəzi ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, həmçinin birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalandığını bildirən akademik, eləcə də əməkdaşlıq münasibətlərinin yalnız ali təhsil müəssisələrini deyil, həm də orta məktəbləri əhatə etdiyini vurğulayıb. Şagirdlərin istedadlarının üzə çıxarılması, onların elmə maraqlarının artırılması üçün fənn olimpiadalarının keçirilməsi, görkəmli alim və mütəxəssislərlə görüşlərin təşkil olunması istiqamətində AMEA-nın Rəyasət Heyəti və elmi müəssisələri tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər