“Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirlib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Respublika Veteranlar Şurası və Akademiyanın birgə təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş “Böyük Vətən Müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda Beynəlxalq konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, vaxtilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı, respublikanın elmi-tədqiqat müəssisələri, yaradıcı cəmiyyətlər, ali məktəblərin kafedraları öz işlərini müharibənin tələblərinə uyğun qurublar. Azərbaycan alimləri zirehli texnikaya qarşı top gülləsi, özü idarə olunan bombalar, tanka qarşı elektrik minaları, çoxpilləli minalar, silahlı və hərbi sursatı pas atmaqdan qoruyan vasitələr hazırlayıb, əl bombaları səthinin sinkləndirilməsi və elektrik qalaylanması haqqında təkliflər irəli sürüblər.
Azərbaycan alimlərinin qabaqcıl üsullarının Zaqafqaziyanın poladəritmə zavodlarında da tətbiq edildiyini xatırladan AMEA rəhbəri kimyaçı alimlərimizin Bakı sulfat turşusu zavodunda yerli xammal və materiallardan akkumlaytor turşusu, həmçinin xlorlu sulfat, azot turşusu aldıqlarını və sair bu kimi elmi nailiyyətlərin istehsalata tətbiq olunduğunu deyib.
1941-ci ildə 28 gün ərzində neft-kimya elmində böyük hadisə...
Akademik qeyd edib ki, 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlanıb. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün ərzində dayanmadan çalışaraq neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə edib. Həmçinin, Azərbaycan alimləri mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını hazırlayıblar. Vurğulanıb ki, akademik İzzət Orucovanın başçılığı altında Azərbaycan kimyaçıları təyyarə, tank və müxtəlif hərbi maşınlar üçün sürtgü yağları istehsalı texnologiyasını hazırlayıb istehsalata tətbiq ediblər.
Alim və mühəndislərimizin yeni metalkəsən dəzgahlar hazırladığını diqqətə çatdıran AMEA prezidenti neft maşınqayırma zavodunda K.Əliverdizadənin soyuq ştamplama üsulu hazırlayıb istehsalata tətbiq etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu, silah istehsal edən müəssisələrdə fəhlələrin əməyini yüngülləşdirib, əmək məhsuldarlığını artırıb. İ.Mehdiyevanın hazırladığı avtomat qurğu silah istehsalı prosesini xeyli sadələşdirib, məhsulun keyfiyyətini yaxşılaşdırıb.
Qələbə əzmi 850 neft yatağını aşkarlamağa səbəb oldu
Həmçinin, Azərbaycanın geoloq alimləri Mirəli Qaşqayın və Şamil Əzizbəyovun rəhbərliyi ilə strateji xammal – odadavamlı gil, fosforit və digər yataqları aşkar edilib.
“Azneft” geoloqları tərəfindən həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində daha 850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilib, “Qala”, “Bulla-dəniz”, “Buzovna”, “Maştağa”, “Naftalan”, “Əmirxanlı” neft yataqları, “Qobustan” neft rayonunda “Duvannı” qaz yatağı, Utalgi yatağında yeni neft və qaz ehtiyatları aşkar olunub. A.Əlizadə bildirib ki, stratiqrafik yataqların aşkar olunması Azərbaycan geologiya elminin böyük uğurudur.
Akademik fiziklərin iştirakı ilə respublikada şüşə izolyatorlar təşkil olunduğunu və fosforlu rəngləri gecə iş vaxtı neft sənayesinə tətbiq etməyin texnologiyasının hazırlandığını əlavə edib.
Mustafa Topçubaşov hərbi cərrahiyyədə yeni metodlar hazırlayıb
Bioloq alimlərimiz isə ölkə ərazisində bitən dərman bitkilərinin, vitaminlə zəngin təbii çöl meyvələrinin aşkar olunmasında fəal iştirak ediblər.
Natiq çıxışında bildirib ki, professor Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlayıb, minlərlə yaralı döyüşçünü həyata qaytarıblar. İctimai və humanitar elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər yaradıblar.
NİGAR