Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Almaniyanın Düsseldorf şəhərinə səfər edib.
Teleqraf.com-a BŞTİ-dən daxil olan xəbərə görə, BMT-nin Uşaq Fondunun (YUNİSEF) maliyyə dəstəyi və Beynəlxalq İdarəçilik və Texnologiyalar Akademiyasının (İNTAMT) təşkilatçılığı ilə təcrübə mübadiləsi məqsədilə gerçəkləşən səfər çərçivəsində Almaniya təhsil sistemi ilə bağlı seminar təşkil olunub.
Nümayəndə heyəti Almaniyanın Şimal Reyn-Vestfaliya və Aşağı Saksoniya bölgəsinin Məktəb Təhsili Departamenti və Müəllimlərin İxtisasartırması Nazirliyində olub, bölgə Təhsil Departamentində inklüziv təhsilin tətbiqi tarixi, təhsilin idarə olunması, əlilliyi olan uşaqların məktəbə qəbulu və xüsusi təhsil üzrə müəllimlərin hazırlanmasına dair seminarda iştirak edib. Hər iki qurumun məsul şəxsləri tərəfindən məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsil səviyyələri üzrə inklüziv təhsil modelləri mövzusunda təqdimatlar keçirilib. Müzakirələr zamanı bölgələrdə tətbiq olunan inklüziv təhsilin zəif və güclü tərəfləri təhlil olunub.
Həmçinin, nümayəndə heyəti Şimal Reyn-Vestfaliya və Aşağı Saksoniya bölgələrinin paytaxt şəhərləri olan Düsseldrof və Hannoverdə inklüziv təhsilin təşkil edildiyi məktəbəqədər təhsil müəssisələrinə və məktəblərə səfər edib. Səfər çərçivəsində Düsseldorf şəhərində inklüziv təhsilə cəlb olunmuş uşaqların Valideyn Birliyinin üzvləri ilə də görüş keçirilib. Görüşdə Almaniyada inklüziv təhsilin inkişafında valideynlərin rolu və onların üzərinə düşən öhdəliklər haqqında geniş müzakirələr aparılıb.
SEVİL