Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan Teleqraf.com-a bildiriblər ki, kollegiyada “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə olunub.
Əvvəlcə rəyin tərtib olunmasının hüquqi əsasları və istifadə olunan informasiya bazası ilə bağlı məlumat verilib. Bildirilib ki, rəy Palata tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, həmçinin büdcə təşkilatlarından Palataya daxil olan maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrinə, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarına istinad olunub.
Diqqətə çatdırılıb ki, rəydə hesabat ilində dünyada və ölkəmizdə makroiqtisadi meyllər qeyd olunub, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə parametrlərinin ümumi təhlili aparılıb, təqdim edilmiş hesabata əsasən, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Qanunun ayrı-ayrı maddələrinin, habelə müəyyən olunmuş limit və ya hədlərin icrası vəziyyəti araşdırılıb. Rəy müvafiq qaydaların tələblərinə uyğun olaraq, dövlət büdcəsinin gəlir, xərc və büdcə kəsiri ilə bağlı bölmələrdən ibarət olmaqla tərtib edilib.
İclasda dövlət büdcəsi gəlirlərinin müəyyən edilmiş proqnozlarının vergi və digər gəlir mənbələri, tədiyyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi ödəyiciləri üzrə icra vəziyyəti təhlil edildiyi, icra səviyyəsinin təsdiq edilmiş proqnozla müqayisədə 100,1 faiz təşkil etdiyi diqqətə çatdırılıb, neft və qeyri-neft sektorundan daxilolmaların icra vəziyyəti ilə bağlı məlumat verilib. Dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və bəzi hallarda isə paraqrafları səviyyəsində dövlət idarəetmə, müdafiə və hüquq-mühafizə orqanlarında, sosialyönümlü sahələrdə, iqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində, habelə təsdiq edilmiş proqram və layihələr üzrə vəsaitlərdən istifadə vəziyyətinin ətraflı araşdırıldığı, nəzarət tədbirlərinin nəticələri əsasında təkliflərin təqdim edildiyi vurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, rəyin müvafiq bölməsi dövlət borcunun mövcud durumu, dövlət borclanma limitinə riayət olunması, büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyəti ilə bağlı təhlili əhatə edib. Dövlət büdcəsinin gəlir və xərcləri, həmçinin büdcə kəsirinin maliyyələşdirilməsi və dövlət borcu ilə bağlı Palatanın əldə etdiyi nəticələr kollegiya üzvlərinin diqqətinə çatdırılıb və bildirilib ki, ümumi nəticələr rəyin son bölməsində əksini tapıb.
Sonra kollegiya üzvləri və iclas iştirakçıları rəy barədə ümumi fikir və təkliflərini bildirib, Hesablama Palatası tərəfindən Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub.
Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.