20 May 2015 17:17
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: “Paytaxtda yerləşən mehmanxanaların 95 faizi lisenziyalaşdırılıb”

Ötən gün Türkdilli Dövlətlərin Әməkdaşlıq Şurası çərçivəsində Bakıda keçirilən təşkilata üzv ölkələrin turizm nazirlərinin toplantısı keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Әbülfəs Qarayev I Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, paytaxtda yerləşən bütün mehmanxanaların 95 faizi lisenziyalaşdırılıb: “Lisenziyalaşdırılmayan hotellər Bakının bir qədər ucqar ərazilərində yerləşən və kiçik yerləşdirmə obyektləridir. Hazırda onların lisenziyalaşdırılması istiqamətində işlər aparılır. Amma mərkəzi hissədə turistləri qəbul etməyə hazır olan bütün hotellər lisenziyalaşdırılıb.

Müəyyən çətinliklərin aradan qaldırılması üçün hotellərə tövsiyələr də verilib. Bələdçi xidmətlərinin, servis xidmətlərinin daha keyfiyyətli təşkili üçün xüsusi kurslar keçilib. Şəbəkə hotelləri özləri də bunu edərək bizimlə əməkdaşlıq edirlər. Düşünürəm ki, bütün hotellər təhlükəsizlik baxımından öz nəzarətlərini gücləndiriblər”.

Nazir bildirib ki, I Avropa Oyunlarına gələn qonaqları zəngin mədəniyyət proqramı gözləyir. Bakının bütün teatrlarında, muzeylərdə, konsert mərkəzlərində xüsusi tədbirlər hazırlanıb: “Oyunların keçiriləcəyi müddət üçün həmin obyektlərdə uzadılmış iş rejimi tətbiq olunacaq. Biz çalışırıq ki, Azərbaycana gələn həm idmançılar, həm də qonaqlar Azərbaycanın çeşidli mədəniyyətinin zənginliyi ilə tanış olsunlar. Bundan əlavə, beynəlxalq miqyasda tanınan bir necə musiqiçi Azərbaycana təşrif buyuracaq, onların konsertləri təşkil olunacaq”.

Daha sonra Әbülfəs Qarayev türkdilli dövlətlər üçün vahid naviqasiya sisteminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu xəritə Azərbaycan tərəfindən artıq mövcud olan gomap naviqasiya sistemi əsasında yaradıla bilər: “Biz Azərbaycan, Türkiyə və Gürcüstanın naviqasiya xəritələrini hazırlamışıq. Amma düşünürük ki, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələr də buraya əlavə olunsa, türk dövlətlərinin vahid naviqasiya sistemi formalaşdırıla bilər. Bu da bizim üçün çox əlverişli imkan yaradacaq.

Gomap sistemi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerinə yetirildi. Bu sistem bu gün artıq dövlət tərəfindən qəbul olunan və istifadə edilən yeganə naviqasiya və idarəolunma sistemidir. Yeni sistemdə Azərbaycanın işğal altında olan ərazilərindəki tarixi abidələrin adları, eyni zamanda, türk mədəniyyətinə aid tarixi adlar öz əksini tapıb. Oyunların keçiriləcəyi müddət ərzində Bakı şəhərinin naviqatorundan hər kəs pulsuz istifadə edə biləcək. Bu I Avropa Oyunlarına bir töhfə olacaq”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Azərbaycan və Gürcüstanın online naviqasiya sistemi yaradılıb. Naviqasiya sistemi www.gomap.az saytında fəaliyyət göstərir.

Sistemi yaradan “SİNAM” şirkətinin layihə rəhbəri Xəqani Nəsibov bildirib ki, naviqasiya sistemində hər hansı bir obyekt haqqında məlumatlar - telefon nömrələri, e-maili, şəkli, yerləşdiyi ərazi qeyd edilib. Online rejimində işləyən bu sistemə daxil olmaqla bir obyektdən digər obyektə getmə yollarını da öyrənmək olar.

Xəqani Nəsibovun sözlərinə görə, şirkət tərəfindən gomap xəritəsi əsasında “ Yollar” adı altında CPS naviqasiya sistemi də yaradılıb. Ancaq bu sistem offline rejimində çalışır. Bu sistemdə əsasən trafik məlumatları yerləşdirilib.

Əbülfəs Qarayev deyib ki, türk dövlətlərinin vahid naviqasiya şəbəkəsi yaradıldıqdan sonra “google”un xəritəsində tarixi adların düzgün yazılması üçün də təsir gücü artacaq: “Google açıq sistemdir. Orada işləyən adamlar hər bir dövlətin təklifinə maraqla yanaşmırlar. Orada müxtəlif yollarla bu adları dəyişdirərək naməlum, lazımsız, bizim tariximizə aid olmayan adlar yazırlar. Bununla da mədəniyyətimizi, torpağımızı mənimsəmək istəyirlər. Buna görə də öz naviqasiya sistemimiz çərçivəsində bunu düzgün əks etdirərək google və digər şəbəkələrə bunu hazır məhsul kimi təqdim edəcəyik və çalışacağıq ki, reallığı əks etdirək”.

Tədbirdə Türkdilli Dövlətlərin Әməkdaşlıq Şurası çərçivəsində Bakıda keçirilən təşkilata üzv ölkələrin turizm nazirlərinin toplantısında razılığa gəlinərək anlaşma memorandumu imzalanıb.

Şuranın baş katibi Ramil Həsənovun sözlərinə görə, memorandumun imzalanmasında əsas məqsəd türkdilli ölkələrin birgə turizm məhsulunun yaradılmasına dəstək vermək, üzv ölkələrin özəl sektor nümayəndələrinin rolunun artırılması və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Әbülfəs Qarayev isə bildirib ki, artıq bu assosiasiyalar vasitəsilə dəstəklənəcək layihələr beynəlxalq səviyyəyə çıxarılacaq: “Bu da Azərbaycana, Türkiyəyə, Qazaxıstana və Qırğızıstana turistlərin daha çox cəlb olunmasına kömək edəcək. Bununla yanaşı, adıçəkilən ölkələrin özlərindən də qarşılıqlı turizm səyahətlərinin təşkilinin daha ciddi şəkildə nəzərdən keçirilməsi planlaşdırılır. Biz arzulayardıq ki, bu ölkələrə turist axınları daha yüksək səviyyədə olsun. Biz bu turizm layihələri vasitəsilə xalqların mədəniyyətlərinin, irsinin, tarixinin tanıdılması üçün türk dövlətləri arasında daha yaxın münasibət qurmağa çalışmalıyıq. Bu əməkdaşlıq bizim üçün çox faydalıdır”.

İclasda qeyd edildi ki, bu birgə əməkdaşlığa gələcəkdə Macarıstan və digər ölkələr də qoşula bilər. Ona görə də bu gün “dördlük” formatında olan görüş gələcəkdə “altılıq” və ya “yeddilik” formatında keçirilə bilər.

İclasda o da qərara alınıb ki, turizm nazirlərinin üçüncü toplantısı gələn ilin may ayında Qırğızıstanda keçirilsin.

Qeyd edək ki, ilk toplantı Türkiyənin İstanbul şəhərində keçirilib. İkinci toplantı isə bu gün Bakıda keçirilib.

İLHAMƏ


Müəllif: