May ayının sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb.
İnstitutun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun Teleqraf.com-a verdiyi xəbərə görə, tədqiqat qrupu Gəncə-Qazax bölgəsində çalışan ekspedisiya rəhbərlərindən və region üzrə arxeoloji araşdırma təcrübəsinə malik gənc tədqiqatçılardan təşkil olunmuşdu.
İnstitutun şöbə müdiri Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi qısa müddət ərzində Gəncə şəhəri ərazisində mövcud arxeoloji abidələrin elektron qeydiyyata alınması və xəritələşməsi işindən ibarət olub. Gəncə şəhəri ərazisində aparılmış arxeoloji kəşfiyyat tədqiqatları ümumi sahəsi 300 kv. km-dək olan ərazini əhatə edib. Şəhərin ərazisinə baxış keçirilərkən yeni arxeoloji abidələrin mövcud olması ekspedisiya tərəfindən müəyyən olunub.
Şəhər ərazisində yeni aşkar edilmiş arxeoloji abidələr əsasən, kurqan tipli qəbir abidələrindən ibarətdir. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş 62 (altmış iki) kurqan tipli qəbir abidələri qeydiyyata alınıb və xəritəyə salınıb.
Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid edilməsi ehtimal olunur. Ekspedisiya tərəfindən aşkarlanmış və elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilmiş abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdirlər. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb. Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması zəruridir.
Eyni zamanda ekspedisiya üzvləri Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçiriblər.
Ekspedisiya üzvləri AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevlə və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşlərdə bölgə üzrə arxeoloji tədqiqatların intensivləşməsi və tarixi abidələrin qorunması mövzusunda fikir mübadiləsi aparıblar.
SEVİL