Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 2-də DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, “Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.
Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Qəbula gələnlərin müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Fondun məsul əməkdaşlarının, Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 30-dan cox vətəndaşın müraciətlərinə baxılıb.
Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.
Naibə QURBANOVA