4 İyun 2015 12:13
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media və Mülki Cəmiyyət İctimai Birliyi Yardımlıda bu mövzuya həsr olunmuş ictimai müzakirə keçirdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Yardımlı şəhərində “Vətəndaş-məmur münasibətlərinin mövcud vəziyyəti və problemlər” mövzusunda ictimai müzakirə keçirilib.

Dövlət qulluqçuları, vətəndaşlar, QHT nümayəndələri və jurnalistlərin iştirak etdiyi ictimai müzakirədə sivil məmur-vətəndaş münasibətlərinin güclü dövlətçilik üçün əhəmiyyəti, məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılması üzrə dövlət siyasəti, məmur-vətəndaş münasibətləri üzrə hüquqi baza, məmur-vətəndaş münasibətlərində mövcud problemlər və həlli yolları müzakirə olunub.


Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov həyata keçirdikləri layihədə cənub bölgəsində yerləşən rayonlarda (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara) dövlət orqanlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması işinin və məmur-vətəndaş münasibətlərinin təkmilləşdirməsinə yardım göstərilməsi məqsədilə maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkilinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, sosial-hüquqi maarifləndimə istiqamətində ictimai müzakirəni təşkil etməkdə məqsəd vətəndaşların sosial hüquqi maariflənməsinə nail olmaq, onları qanunlarımızla tanış etmək, sosial hüquq pozmalarının qarşısını almaqda, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərmək, ictimai şüurda hüquq mədəniyyətini inkişaf etdirməkdir. “Bölgələrdə yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır, “reallıqla hesablaşmağa” sövq edir. Müxtəlif instansiyalardan şikayətlərinə cavab ala bilməyən vətəndaşların çoxluğu günümüzün real faktlarındandır”-deyə layihə rəhbəri bildirib.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən hüquqşünas Mirəli Hüseynov bildirdi ki, bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin – məmurların davranışı əsasında formalaşır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin insan hüquqlarının qorunması ilə bağlı zəngın təcrübəsi də sübut edib. Məmurun davranışından asılı olaraq dövlətinin güclənməsinə, onun maraqlarını hər addımda müdafiə edən, bütün varlığı ilə dövlətə bağlı olan və yaxud da əksinə, dövlətə və cəmiyyətə tamamilə laqeyd olan, dövləti üçün canından keçməyə hazır olmayan vətəndaş formalaşa bilər: “Məmur-vətəndaş münasibətlərinin xarakteri ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir”.

Məruzəçinin sözlərinə görə, bizdə bu gün “Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Bu proqram ölkəmizin iformasiya-kommunikasiya sahəsində sosial sifarişi uğurla həyata keçirməkdədir. Bu proqram informasiya cəmiyyətinin tələblərindən doğub. Lakin bütün bunlarla yanaşı vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KİV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır. Bəzi hallarda müxtəlif dövlət idarə və təşkilatlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. Məmur özbaşınalığının qurbanı olan şikayətçilərin dediklərinə görə isə, onlar hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur. Sosial şəbəklərdə də ölkədəki məmur özbaşınalığının Azərbaycanın ən böyük problemlərindən biri olduğunu yazırlar. Regionda və dünyada həssas proseslərin getdiyi bir vaxtda bəzi məmurların özbaşınalığı, ölkə başçısının təbirincə desək, qudurğanlığı xoşagəlməz fəsadlar yarada bilər ki, bu da yolverilməzdir.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Zakir İmanov son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi: “Bu inkişaf Yardımlıdan da yan keçməyib. Görülən işlərin bir çoxunun əyani şahidi oldunuz. İcra çaşçısının tapşırığı ilə vətəndaşların hüquqlarının pozulması hallarına qarşı da rayonumuzda ciddi tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, son 3 ildə Yardımlı rayonunda ərizə və şikayətlərin sayı 50 faiz azalmışdır”.


Yardımlı rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Ayaz Əliyev rəhbərlik etdiyi müəssisədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığına yol vermədiklərini söylədi. “Bizdə həftənin müəyyən günü rəsmi qəbul günü olsa da, vətəndaşların hər gün qəbul edirik. İmkanımız daxilində onların problemlərinə yardımçı olmağa çalışırıq”.

Digər çıxışçılar da öz çıxışlarında cəmiyyətdə bir çoxlarımıza bəlli olan yuxarıda sadlanan problemlərin əsas səbəbləri və aradan qaldırılması yollarından danışdılar və bütün hallarda bu yolun sosial-hüquqi maariflənmədən keçdiyi xüsusi olaraq qeyd olundu.


Beləliklə, hazırda geniş əhali kütləsinin insan hüquq və azadlıqları, sosial qanunvericilik sahəsində kütləvi maariflənməsinə, məhkəmə-vəkil, hüquqşünas xidmətindən fəal istifadə etmə imkanına malik olmasına, öz hüquqlarını durmadan təbliği və qorunmasına cəmiyyətimizin də, dövlətimizin də ehtiyacı var.

İnkişaf etmiş ölkələrdə ailə psixoloqu və ailə vəkili ailənin əsas atributlarından sayılır. Bu gün mental düşüncədəki “Bura Azərbaycandır” fikri neqativdən pozitivə, “qanuna hörmət”, “hüquqlarımızı bilək” kimi Avropada fərdi insan dəyərlərinə qiymətlə əvəz edilməli, mentalitetimizin qürur, ədalətlilik kimi prinsipləri önə çəkilməlidir.

Əlaqə telefonları: 050 323 51 05, 077 323 51 05


Müəllif:

Oxşar xəbərlər