Bu gün "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu “Babək haqqında mülahizələrin milli ideologiyanın qorunmasına mənfi və müsbət təsirləri” mövzusunda MQF-nun Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. Teleqraf.com-un məlumatına görə, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açaraq deyib ki, rəhbərli etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir. İndiyədək 11 kitab nəşr edərək müzakirəyə təqdim etdiklərini bildirən V. Zifəroğlu, bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən “Oğuz” MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı qeyd edib ki, Azərbaycanın milli ideologiyasının təməl prinsipi olan Azərbaycançılıq və vətənpərvərlik prinsipləri IX əsrdə işğala qarşı xalq azadlıq hərəkatına öndərlik etmiş Babək Xürrəminin Azad Azərbaycan ideyaları ilə üst- üstə düşür. O, çıxışında, Babəkin sıradan bir üsyan başçısı yox, əslində Azərbaycanda 22 il ərzində mövcud olmuş, heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin hökmdarı olması faktlarla vurğulayıb. Çıxışda Babək barədə bu günədək geniş elmi ictimaiyiyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunuldu. Xüsusilə, Babək Xürrəminin bir hökmdar kimi fəaliyyəti, Babəkin və xürrəmilərin İslam inancında olmaları, xürrəmilik ideyalarının mahiyyəti ilə bağlı yeni fikirlər söylənilib.
Məruzəçidən sonra çıxış edən qonaqlar müstəqil Azərbaycanımızın milli ideologiyasının formalaşmasında Babək Xürrəmi şəxsiyyətinin və ideyalarının yeri və rolu barədə fikir və mülahizələrini səsləndiriblər. Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qalıb.
BƏXTİYAR