Azərbaycan Tibb Universiteti (ATU), İstanbul Bilim Universiteti və “Florence Nightingale” xəstəxanalar qrupunun təşkilatçılığı ilə İstanbulda II Akademik İş birliyi konfransı keçirilib.
Teleqraf.com-un məlumatına görə, konfransın başlanğıcında İstanbul Bilim Universitetinin rektoru Prof. Dr. Çavlan Çiftçi və ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, Asiman Həsənov açılış nitqi edərək, Türkiyə-Azərbaycan münasibətlərindən, bunun səhiyyə sahəsində rolundan, Türkiyənin tibb sahəsində əldə etdiyi yeni nailiyyətlərinin Azərbaycan tibbinə olan dəstəkləyici təsiri və əldə olunan uğurlardan söhbət açıblar.
Konfransın davamında birgə əməkdaşlıqları münasibəti ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov xalqımızın milli və mənəvi dəyərlərini təsvir edən xatirə hədiyyəsini Prof. Dr. Çavlan Çiftçiyə təqdim edib. Həmçinin Prof. Dr. Çavlan Çiftçi də universitet xəstəxanası olaraq ATU ilə birgə əməkdaşlıqlarına görə böyük məmnunluq hissi duyduğunu vurğulayaraq, ona plaket hədiyyə edib.
Tədbirdə həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının nümayəndə heyətinin üzvlərindən – AMEA-nın müxbir üzvi, prof. Dr.Nuru Bayramov, Uzman kardio-cərrah Mirəli Məcidov, Dr. Cavid Paşayev, şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, Ass.Dr. Ruslan Məmmədov, Dos. Dr. Sədrəddin Atakişizadə, t.ü.f.d. Dr.Qalib İmanov, Ass. Dr.İmran Səfiyev, Dr. Eldəniz Əliyev, eləcə də Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak ediblər.
Konfransda müasir cərrahiyyənin müxtəlif istiqamətlərindən, neyrocərrahiyyədə mikrocərrahiyyə, serebral-vaskulyar patologiyalar, genetik xəstəliklərə aktual yanaşma üsullari, hüceyrə və toxuma transplantasiyası, kök hüceyrələrinin köçürülməsi, orqan transplantasiyası, ürək transplantasiyası, bu sahələrdə qazanılan uğurlardan, praktikada üzləşdikləri hallar haqqında və bir sıra digər mövzular üzrə çıxışlar olub. Sonra konfrans iştirakçıları həmin mövzular ətrafında müzakirələr aparıb. Həmçinin birinci günün sonunda konfrans iştirakçıları “Florance Nightingale” xəstəxanalar qrupunu da ziyarət ediblər.
Sonda ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. O bildirib ki, əl-ələ verib birgə gördükləri uğurlu iş birliyi bütün türk dünyasında, həmçinin tibb sahəsində də öz müsbət əksini göstərir və göstərəcək: “Bu birlik getdikcə daha da genişləndiriləcək, o cümlədən müştərək elmi layihələrin hazırlanması və həyata keçirilməsi, Beynəlxalq elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkili, tələbə, rezident və magistr mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi kimi işlər daha da aktivləşdiriləcək”.
Naibə QURBANOVA