İyulun 9-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xudat şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.