Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə komitənin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir.
Növbəti iftar süfrəsi iyulun 7-də Masallı rayonunun Çaxırlı kəndində açılıb. Tədbirdə yaxın ərazilərdəki dini icmaların sədrləri və üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Mirqiyas Təhməzov dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov təmsil etdiyi qurumun fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb. O qeyd edib ki, bu cür tədbirlər bütün bölgələrdə təşkil edilir.
Komitənin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə bölgədəki dini durumdan danışıb və tədbiri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndirib.
Eyni zamanda iyulun 7-də Quba şəhəri Cümə məscidində iftar süfrəsi açılıb.Tədbirdə komitənin nümayəndələri Anar Əliyev və Rüstəm Ramazanov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Quba RİH-nin əməkdaşı Seyid Cabbarov, eləcə də icma üzvləri, axund və imamlar iştirak ediblər.
Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev çıxış edərək, ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən və ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.
Sonda tədbir iştirakçıları dualar edib, iftar süfrəsi arxasında müqəddəs Ramazan ayının fəzilətindən söhbət açıblar.
Samux rayonunda da iftar süfrəsi təşkil edilib. “Əbülfəz Abbas” Cümə məscidində təxminən 50 nəfərin iştirak etdiyi iftar süfrəsində Samux şəhər müsəlmanları dini icmasının üzvləri ilə yanaşı, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, şəhid atası Eynulla Namazov, Qarabağ qaziləri və rayon dindarları iştirak ediblər.
Rayonun axundu və dini icmasının sədri İlham Məmmədov çıxış edərək, milli-mənəvi dəyərlərin təbliği və dini maariflənmə işinin aparılması məqsədilə ölkə Prezidentinin sərəncam imzalamasını yüksək qiymətləndirib. O, din sahəsinə, o cümlədən dini icmalara və dindarlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Eyni zamanda İ.Məmmədov son dövrlər komitənin dini maarifləndirmə sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu və bu sahədə hər zaman Dövlət Komitəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.
Daha sonra Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iftar süfrəsi ətrafında dualar oxunub.
BƏXTİYAR