12 Avqust 2015 11:04
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyacı olanlara kömək etmək hər zaman savab sayılıb. Bu, həm də yardım göstərənə daxili rahatlıq bəxş eləyir. Bu cür xeyirxah əməllərdən zövq alan insanlar həmişə olub, bu gün də var. Xeyirxahlıqçün yaş önəmli deyil. Necə deyərlər, xeyriyyəçinin cavanı-qocası olmaz...

İndi xeyriyyəçi fəaliyyətlə məşğul olmaq üçün bir vasitə də sosial şəbəkələrdir.

“Pul qazanmaq əsas məsələ deyil”

Elvin Rəcəbli 1991-ci ildə Lənkəranda anadan olub. 2013-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla başa vurub: “Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra tibbi avadanlıqlar şirkətində mühəndis və ingilis dili tərcüməçisi işləyirəm. Mən universitetdə oxuyan zaman da xeyriyyə tədbirlərinə gedirdim. Tələbə vaxtı Azərbaycan Uşaqlar Birliyi ilə könüllü şəkildə tədbirlər həyata keçirirdik. Tələbəlik illərindən bu qurumda yerləşən aztəminatlı ailələrin uşaqlarını universitetə hazırlaşdırırdıq. Könüllü şəkildə tələbələrdən ibarət qruplar yaradıb sığınacaqda olan uşaqlara dərs keçirdik.

Əslində, bu, elə bir işdir ki, hər kəs onu bacarar. Hazırda boş vaxtlarımda xeyriyyə tədbirləri təşkil edirəm. Məncə, bunu hər bir imkanı və həvəsi olan şəxs təşkil edə bilər, yetər ki, istək olsun".

“ARASH” şirkətində çalışan həmsöhbətim deyir ki, işdən əlavə insanlara kömək göstərmək üçün Feysbukda “Evdəkiləri çörəksiz qoymayaq” adlı qrup təşkil edib: “Bu aksiyada məqsədimiz çörək almağa imkanı olmayan insanlara gün ərzində iki çörək verməklə yardım göstərməkdir. Bu aksiyaya bir il olar başlamışıq. Aksiyadan əvvəl düşündüm ki, hər gün öz hesabıma 5 çörək alım, mağazalara verim. Daha sonra çörək bişirən zavodla danışdım və mağazalara verilən qiymətlə çörək almağa razılaşdım.
Sonra daha çox çörək paylamağı qarşıma məqsəd qoydum və aksiya elan etdim. Mən bu işlə könüllü məşğul oluram. Çünki bu fəaliyyətin mənim çalışdığım işə heç bir maneəsi yoxdur.

Kampaniyaya ötən il oktyabrın 1-dən başlamışam. Müəyyən qədər pul yığıldıqdan sonra “Nizami” metrostansiyası yaxınlığında yerləşən qəzet köşklərindən birinə çörək verirəm. Kimin çörəyə ehtiyacı varsa, Beşmərtəbə dairəsi, “Günaydın” restoranının yanındakı press-köşkdən pulsuz çörək götürə bilərlər.
Gün ərzində 50 çörək olmaqla həftənin beş günü press-köşkə çörək verilir. Bu da aya təxminən 1200-1500 arası çörək edir".

İnsanlar düşünür ki, pul yığılır, çörək alınır və...

Elvin Rəcəbli deyir ki, “Evdəkiləri çörəksiz qoymayaq” aksiyasına qatılanların sayı çox deyil: “Başqalarına kömək etməkdən zövq alan insanların sayı artsa, daha yaxşı olar. Ətrafımıza çox adam toplaya bilsək, düşünürəm, insanlara daha çox köməklik edə bilərik.

Həmyaşıdlarımız bizə daha çox dəstək olurlar. Bəzi insanlarda bu aksiyanın həyata keçirilməsinə inanmaqda çətinlik çəkirlər. Bəziləri deyir, pulsuz heç bir şey yoxdur, kimisi deyir, yəqin, bu çörək boyatdır ki, insanlara verilir. Halbuki bu cür düşüncə düzgün deyil. Yalandan xeyriyyəçilik etməyi bacarmıram. Məndən olsa, ehtiyaclılara gündə 50 yox, daha çox çörək verərdik. Amma hər adama güvənib pul əmanət etməkdə çətinlik çəkirəm".

Müsahibim bu işdə üzləşdiyi çətinliklərdən də danışdı: “İnsanlar elə düşünür ki, pul yığıldı, çörək alındı, adamlar gəlib götürdü, bununla da iş bitdi. Yox, elə deyil.

Yaşlı insanlarla problem günü-gündən çoxalır, hətta bu işdən sui-istifadə edənlər də olur. Biz mağazadakı satıcılara gün ərzində hər adama iki çörək verməyi tapşırmışıq. Elə adam var, gəlib beş çörək alır. Eləsi də var, normal pul qazanır, amma havayı çörək götürməyə üstünlük verir. Yaxud bəziləri yanında 2-3 adam gətirir, hər birinə də 3 çörək istəyir. Onlara çörək verilmədikdə isə şikayət edəcəkləri ilə hədələyirlər.
Mağaza sahibi bizə heç bir təmənna güdmədən kömək edir. Deyir ki, yalnız xeyriyyəçi məqsədlə bu işə baş qoşuram, yoxsa insanlara artıq çörək verə bilməyəcəyimi izah etməyə səbrim çatmır.

Mən təmiz işləməyə çalışıram. Məqsədim yaşlı və kasib insanları gündəlik minimum çörəklə təmin etməkdir. Hər bir çörəyin çeki məndə var. Hər ayın sonunda həmin çekə əsasən çörək gətirən şirkətə pulu ödəyirik. Bu aksiyaya Azərbaycanda inanmırlar. Mənsə bunu normal qəbul edirəm.

Şübhəsi olanlara demək istəyirəm ki, işimizi həmin press-köşkdən izləyə bilərlər. O zaman şahidi olacaqlar ki, verdikləri pul çörəyə ehtiyacı olan insanlara xərclənir. Bir qəpik belə kənara gedə bilməz..."

Bu aksiyaya heç bir təşkilatın dəxli yoxdur

“Evdəkiləri çörəksiz qoymayaq” aksiyasına pulların necə yığılması barədə danışan Elvin Rəcəbli deyir ki, bunun üçün “Bank Respublika”da hesab kartı var: “Kömək etmək istəyən insanlar Manat və ya Pay-point vasitəsi ilə pulu həmin hesab nömrəsinə köçürə bilərlər. "Youtube"da kiçik video rolik hazırlamışıq ki, həmin aparatlar vasitəsi ilə pulu hesaba necə köçürmək mümkündür... Kim istəsə “Youtube”da “Pulsuz çörək pay-point” yazmaqla həmin videoya baxa bilər.

Bir əsas məsələni də qeyd etmək istəyirəm ki, biz heç bir qurum və yaxud təşkilat deyilik. Bu, sadəcə, bir nəfərin, yəni mənim təşkil etdiyim aksiyadır və Feysbuk sosial şəbəkəsi vasitəsilə görən insanlar kömək edir".

Sonda müsahibim yeni layihəsindən də danışdı. Onun sözlərinə görə, sentyabr ayından 10-11-ci siniflərdə oxuyan və ali məktəbə qəbul olmaq istəyən gənclərin təhsil almasına kömək ediləcək: “Maddi imkanı olmayan ailənin uşağını iki il ərzində öhdəmizə götürüb, beş fənn üzrə kursa qoyub, universitetə daxil olmasına kömək etmiş olacağıq. Ancaq öncə həmin ailəni gedib yoxlayacağıq və ailə ilə şərtimiz olacaq. Yəni əgər uşaq oxumasa, təhsili saxlanacaq və əvəzində kursa başqa uşaq götürüləcək.
İnsanlar aya 1- 5-10 manat hesaba köçürməklə bu təşəbbüsə kömək edə bilərlər. Bu iş üçün pul yığılır artıq. Məbləğin önəmi yoxdur, əsas kömək etməkdir. Bir fənnin ödənişi 40 manatdır. Kim istəsə, bizim qrupa qoşula bilər. Buna şad olarıq..."

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər