Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
Teleqraf.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bütün cəbhəboyu ərazilərdə tikintiləri icra edən heyətlə görüşən Müdafiə naziri görülən işlərin keyfiyyətinə ciddi nəzarətin olunması, şəxsi heyət üçün nəzərdə tutulan tam infrastrukturla təmin ediləcək müasir tipli hərbi şəhərciklərdə inşaat işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, eləcə də hərbi qulluqçularla birlikdə nahar edib.