Sovet dövrünün lətifəsidir. Hadisə Bakıda cərəyan edir. Təcili yardımın həkimi və onun köməkçisi oturub nərd oynayırlar. Bu zaman zəng gəlir və həkim telefonu qaldırır:
- Bəli, eşidirəm. Aha... Yaşı, hərarəti? Ünvan? Gəlirik.
Köməkçi nərdtaxtanı bağlamaq istəyəndə, həkim “əşi, vaxtımız var, bir “tas” da ata bilərik” deyir.
Beləcə, oyun davam edir. Bu zaman ikinci zəng gəlir və yenə eyni cavablar, eyni suallar... Köməkçi yenə qalxmaq istəyəndə həkim mane olur... Oyun davam edir.
Üçüncü zəng gəlir. Suallar, “gəlirik!” ifadəsi. Bu dəfə köməkçi oyunu davam etdirmək istəyəndə, həkim ona bozarır: “Dur ayağa. Orda xəstə var, bu da nərd oynayır!”
Köməkçi təəccüblü halda qalxaraq, maşına minir. Amma özünü saxlaya bilməyərək, həkimdən davranışının səbəbini soruşur. Həkim isə izah edir:
- Birinci zəng ermənidən gəlmişdi. O, xəstə-filan deyil. Özünü yoxlatdırmaq istəyir, bizi çağırır. Ona görə getmədim. İkinci zəng edən azərbaycanlı idi. O, ölüm ayağındadı, bizə indi zəng edib. Onun işi mollalıqdı, mənlik deyil, ona görə getmədim. Üçüncü zəng edən isə rusdur. O, həqiqətən xəstədir və indi xəstələnib. Ona kömək edə bilərik. Ona görə də, indi yoldayıq!
Sözsüz ki, bu lətifədir. Reallıqdan həm uzaq, həm də haradasa bir qədər yaxın məzəli bir lətifə. Amma nədənsə, hər dəfə təcili yardım maşını görəndə, ora müraciət edəndə (işlə bağlı), bu lətifə yadıma düşür. Elə son hadisədə olduğu kimi...
Bazar günü axşam saatlarında əməkdaşımız “Gənclik” metrosundan çıxarkən bir nəfərin yerdə huşsuz vəziyyətdə olduğunu görüb. Dərhal təcili yardıma məlumat versə də, həkimlər əraziyə 20 dəqiqə sonra gəliblər.
Axşam saat 20:50 radələrində paytaxtda tıxacın azalması və iş günü olmamasını nəzərə alsaq, gecikmənin səbəbi yollardakı vəziyyət deyil. Üstəlik, təcili yardım həkimlərinin pik saatlarda ərazidə olmasını nəzərə alsaq, nə üçün briqada çağırılan ünvana 20 dəqiqəyə gəlməlidir?
Bu nə ilk, nə də son hal deyil. Təcili çağırılan həkimlər bəzən xəstənin son nəfəsində gəlib çatır. Bu gecikmələr dəfələrlə həkimlərin xəstə yaxınları tərəfindən döyülməsi ilə nəticələnib. Əlbəttə, bu variant heç zaman doğru qəbul edilə bilməz. Lakin gözü qarşısında yaxını ölən biri, ona yardım etmək üçün gələn həkimin gecikməsinə səbrlə yanaşa bilməz. Axı hər şeydən dəyərli insan həyatıdır.
Təcili yardımda vətəndaşları narahat edən digər bir problem telefonların məşğul göstərməsidir. Bəzən vətəndaş problemi demək üçün bir neçə dəqiqəyə qədər telefonda gözləməli olur. Elə əməkdaşımız da eyni problemlə qarşılaşıb. Nəzərə alsaq ki, təcili yardım insanların məhz təcili ehtiyacları olan bir ünvandır, bu tip gecikmələr onların haqlı narazılığına səbəb olur. Bəs bu gecikmələrin əsas səbəbi nədir?
Tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, təcili yardım sisteminin qurulması üçün 3 mühüm şərt var - peşəkar kadrlar və texniki təchizatının yüksək olması, həmçinin təcili yardım maşınlarının rahat hərəkəti üçün nəqliyyat sisteminin düzgün qurulması. Sadalanan məqamlar bir-birinə adekvat olmayanda təcili yardım yaxşı işləmir.
“Kadrlar və təchizat nə qədər güclü olsa da, nəqliyyat yaxşı qurulmayıbsa, gecikmələr qaçılmazdır. Bunun üçün də yollarda təcili yardım kimi əraziyə operativ çatması üçün əlavə xətlər olmalıdır. Biz də bunların heç biri nəzərdə tutulmayıb. Hesab edirəm ki, bundan sonra da yaradılması real görünmür. Paytaxtdakı tıxac, müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. Düşünürəm ki, bu məsələdə yalnız təcili yardımın effektiv işləməməsi üzərində dayanmaq doğru deyil. Əlbəttə, çatışmazlıqlar var, məsələyə kompleks yanaşmaq lazımdır. Bu işdə ölkənin nəqliyyat sektoruna nəzarət edən qurumlar da məsuliyyət daşıyırlar”, - deyə A.Qeybulla bildirir.
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində briqadanın bütün üzvlərinin ilkin tibbi yardım göstərmək bacarığı var. Biz də ekstremal situasiyalara hazır olmalıyıq: “Təcili yardım sistemi təcili şəkildə xəstəyə yardım göstərməlidir ki, onun həyatını xilas etsin. Bu məsələdə zaman faktoru son dərəcə önəmli olduğuna görə, gecikmələr olmamalıdır. Təcili yardım sistemində qüsurlar var, bütün təşkilati məsələlər yoluna qoyulmalıdır. Bu gün briqadaların sayı dünya standartına uyğun ola bilər. Amma bir tərəfdən də iş prosesində bəzi məsələləri yenidən qurmaq olar. Briqadaların sayı dünya standartına uyğun olsa da, effekt həmin standarta uyğun gəlmir. Demək, hər hansı təşkilati məsələdə qüsur var. Dünya standartına uyğundur deməklə iş bitmir. Hesab edirəm ki, briqadaların sayı adambaşına uyğun müəyyən edilsə də, məsələyə həm də ayrı-ayrı rayonlar üzrə yenidən baxmaq lazımdır. Bəzi rayonlarda əhalinin sayı və ya hər hansı xəstələnmə sayı çox ola bilər. Bundan başqa, kütləvi zəhərlənmə, partlayış, yanğın hallarında daha çox briqadaya ehtiyac ola bilər. Bunun üçün onlar həm də ehtiyatda saxlanmalıdır. Nəzərə almaq lazımdır ki, bomba bir dəfə düşür”.
Millət vəkili Musa Quliyev hesab edir ki, bu gün ölkə ərazisində təcili yardımın fəaliyyəti pis qurulmayıb: “Təcili yardımın maşınlarının sayı da yetərincədir. Sadəcə təcili yardımın həyati əhəmiyyətli dərmanlarla təchizatı və yol məsələsinə diqqət etmək lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində polis, təcili yardım və yanğınsöndürənlərin fəaliyyəti üçün ayrıca zolaqlar müəyyən edilib. Milli Məclisdə də bu məsələni gündəmə gətirmişəm. Düzdür, ayrıca zolaq yollarda tıxacları artıra bilər. Lakin tıxacların artması problem olsa da, insan həyatının xilas edilməsi daha əhəmiyyətlidir. Avropa Oyunları vaxtı hərəkət üçün əlavə yolun ayrılması bizim üçün bir təcrübə oldu. Demək bu sistem təcili yardım və digər operativ xidmətlər üçün də qurula bilər”.
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında əvvəlcə ötən gün əməkdaşımızın qarşılaşdığı problemə aydınlıq gətirdi. Zəngin daxil olduğu saatı və digər məsələləri araşdırıb, həmin müraciətdə ünvanın tapılması ilə bağlı anlaşmazlıq olduğunu dedi: “Çağırılan ünvanın bildirilməsi ilə bağlı anlaşmazlıq olub, briqada ünvanı gec tapıb və bu da təcili yardımın gec gəlməsi kimi qəbul edilib. Halbuki məlumat veriləndən 3 dəqiqə sonra briqada əraziyə yollanıb”.
Baş həkimin onu da əlavə etdi ki, küçə və digər ictimai yerlərdən olan müraciətlərə təcili yardım daha həssas yanaşır: “Çünki onların ailə üzvləri və yaxınları yanlarında olmur, ətrafdakılar isə onun narahatlığının səbəbini bilmirlər. Buna görə də, bu obyektlərdən olan çağırışlar diqqət mərkəzində olur. Çağırış daxil olandan icra olunmasına qədərki vaxt normativdə 20 dəqiqə müəyyən edilib”.
Dispetçerin gec cavab verməsi ilə bağlı narazılığa gəldikdə, R.Nağıyev bunu günün pik saatlarında müraciətlərin çox olması ilə əlaqələndirdi: “Hazırda dispetçer məntəqəsində pultların sayı 15-dir. Eyni saatda 15 zəng daxil olarsa, avtomatik olaraq sistem məşğul olur. Bu zaman operator qarşı tərəfə “gözləyin” cavabını verir. Hazırda təcili yardımda istər dispetçer, istərsə də briqadanın sayı normativlərə uyğundur. Hər bir xidmətin arxasında müəyyən maliyyə vəsaiti durur, buna uyğun da işlər planlaşdırılır. Bizimlə yanaşı digər xidmət sahələrində dünya təcrübəsinə əsaslanırıq. Dispetçerlərin sayı briqadaların və əhalinin sayına uyğun olmalıdır. Bu işin tənzimlənməsi üçün elektron vasitələrdən istifadə edilir. Bakıda isti günlərdə 2 mindən artıq müraciət daxil olurdu. Bu çağırışların icrasını 136 briqada tam təmin edirdi. Dünya üzrə normativlər təcili yardım üçün 20 dəqiqə, təxirəsalınmaz yardım 1-2 saat arası icra oluna bilir. Təəssüf ki, əhali təcili və təxirəsalınmaz yardım məsələsini bir-birindən ayıra bilmir”.
Baş həkim briqadaların bəzən gecikməsinə səbəb olan məqamlara da toxundu: “Hər bir briqadanın çağırışı qəbul edib yardım göstərmə müddəti orta hesabla 40 dəqiqə olur. Pik saatlarda (18:00-dan gecə 02:00-a qədər ) daxil olan çağırışların sayı briqadaların sayından çox olanda, çeşidləmə aparılır. Briqadalar müraciətlərin səbəbinə uyğun göndərilir. Çünki bəzən elə müraciət olur ki, o, yardım üçün təcili briqada göndərməyə ehtiyac olmur. Ümumiyyətlə, pik saatlarda təcili yardıma müraciətlərin 70%-i əsassız olur. Temperaturu, təzyiqi ölçmək üçün müraciət edirlər. Halbuki, həmin vaxtda biz daha çox ehtiyacı olan birinə yardım edə bilərik. Bundan başqa, təkrar çağırışlar, poliklinikaya aid olan müraciətlər edirlər. Düzdür, biz daha sonra poliklinikalara bu barədə məlumat veririk. Lakin həmin saatda işimizə mane olur, nəticədə gecikmələr yaranır. Çalışırıq ki, təcili yardıma ehtiyac olmayan ünvanlarda işimizi tez bitirib, digər xəstələrə yardım edək. Xəstəni yarımçıq qoyub digər çağırışa gedə bilmərik. Hazırda briqadalar pik saatlarda xətdə olur, lakin müraciətlərin çox olması müəyyən gecikmələrə səbəb olur. Dünya təcrübəsi belədir ki, hər müraciətə görə, briqadanın ünvana getməsinə ehtiyac olmur. Dispetçer telefonla danışıb, məsləhətlər verərək xəstənin vəziyyətini yüngülləşdirə bilirsə, həkimlərin ora getmir. Bizdə isə hər adi hal üçün təcili yardımın evə gəlməsini tələb edirlər”.
Belə... Baş həkim açıqladı, biz də eşitdik. Və inandıq. Nöqsanları, iradları, problemləri dedik, eşitdik, inandıq. Amma təcili yardım insan həyatı üçündür... Bunu da yaddan çıxartmadıq. Siz də yaddan çıxartmayın./PUBLİKA