Ölkəmiz müstəqillik qazanandan sonra sovet dönəmindəki kimi olmasa da, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həm prodüser mərkəzlərində, həm də "Azərbaycanfilm" kinostudiyasında filmlər çəkilməyə başladı.
İlə bir-iki, daha sonra bu say artaraq 4-5 filmə çatdı. Adi tamaşaçının bu filmlərdən xəbərsiz qalması normal görünə bilər, çünki nə kinoteatrlarda, nə də efirlərdə həmin ekran əsərləri müntəzəm nümayiş olunmur. Amma yaradıcı insanların təzə çəkilən filmlər barədə məlumatlı olmaması xeyli narahatlıq doğurur.
Bu dəfə qərara gəldik, məşhurlardan soruşaq ki, son illərdə dövlət sifarişi ilə çəkilən filmlərə baxıblarmı, hansı ekran əsərlərini tamaşaçılara məsləhət verə bilərlər... Həmçinin yerli kino industriyasında nədən şikayətçidirlər?
"Nabat", "Niyyət", "Buta"
Əməkdar artist Xalidə Quliyeva: "Öncə onu deyim ki, son çəkilən filmlərdə daha çox kişi obrazları üstünlük təşkil edir. İlqar Fəhmidən başqa heç kim qadınlar üçün ssenari yazmır. İlqarın bütün ssenariləri qadınlara həsr olunur. Mən bunu dəstəkləyirəm. Əgər biz dünya kinematoqrafiyasına çıxmaq istəyiriksə, mütləq qadınlarımızı ön plana çıxarmalıyıq. Çünki baş qəhrəmanı qadın olan obrazlar daha maraqla izlənilir. Bu mənada, ötən il Milli Kino Günündə nümayiş olunan "Nabat" filmi məni təəccübləndirdi.
Şükür Allaha, Azərbaycanda hadisələrin, ekranın baş qəhrəmanı qadın olan bir film çəkən rejissor tapıldı. İranlı aktrisanı çəkməyi rejissorun öz işidir. Rejissor öz seçimində azaddır. Mən də rejissor olsaydım, kimi istəyərdim, onu çəkərdim və heç kimdən məsləhət almazdım.
Mənim fikrimcə, Elçin Musaoğlu o xanımı çəkməkdə uduzmayıb. Filmi çox bəyəndim. Axır ki, kino dilinə uyğun bir film çəkilib. Bu filmi Azərbaycan kinosunda qələbə kimi qəbul edirəm, həqiqətən böyük müvəffəqiyyətdir. "Nabat" müəllif, festival filmidir. Biz böyük film festivallarına çıxmaq istəyiriksə, ancaq müəllif filmləri çəkməliyik.
Sevdiyim digər yeni Azərbaycan filmləri də var. Elxan Cəfərovun "Dolu", Samir Kərimoğlunun "Niyyət", İlqar Nəcəfin "Buta", Elçin Musaoğlunun "40-cı qapı" filmləri Azərbaycan kinosunun uğurlarıdır. Hamıya məsləhətim odur ki, bu filmlərə baxsınlar".
"Mahmud və Məryəm"
Əməkdar artist Suğra Bağırzadə premyerası olan filmlərə baxmağa çalışdığını deyib: "Yeni çəkilən filmlərə baxmağa çalışıram. Sonuncu dəfə Azərbaycan-Türkiyə istehsalı olan "Mahmud və Məryəm"ə baxmışam. "Qorxma, mən səninləyəm 1919" filminə də baxdım. Onu deyə bilərəm ki, filmin birinci versiyasından fərqlənir. "Mahmud və Məryəm"ə gəlincə, deyə bilmərəm ki, şedevrdir. Normal filmdir.
Amma çox istəyirəm ki, Azərbaycanı yüksək səviyyəli festivallarda təmsil edən film çəkilsin. Mən elə filmlər gözləyirəm. O ki qaldı mənə gələn təkliflərə... İndi nə "Azərbaycanfilm"dən, nə digər istehsalçı şirkətlərdən filmlərə çəkilmək təklifi almıram. Hələlik mənə yaraşan rol yoxdur. Olsaydı, yəqin, dəvət edərdilər.
İndiki filmlərdə qadın obrazları çox azdır. Həm də təklif olunan obraz mənə yaraşmalıdır, rejissor peşəkar olmalıdır və səni o rola dəvət etmək istəməlidir. Filmlərdə rejissor böyük qüvvədir. Əvvəllər daha çox ailə haqda filmlər çəkilirdi. Ailədə ana, nənə, bibi, xala, qonşu obrazları olurdu, aktrisalar da boş qalmırdılar. İndi başım çıxmır, nə çəkirlərsə, bütün filmlər kişi obrazlarından ibarətdir".
"Axınla üzü aşağı"
Əməkdar artist Dilarə Əliyeva: "Yeni çəkilən Azərbaycan filmlərinə baxmağa çalışıram. Bəyəndiklərimdən "Nabat"ın adını çəkərdim. Filmi çox bəyəndim. Azərbaycan kinosunun üzünü ağardacaq filmdir. Və necə ki ağardır. Bildiyiniz kimi, festivallardan mükafatlarla qayıdır.
"Axınla üzü aşağı" filminə də baxmışam. Onu da çox bəyəndim. Mehriban Zəki o filmdə də öz sözünü dedi. Onun filmdə sərgilədiyi çox maraqlı oyun tərzi əsl Hollivud aktrisalarının oyun tərzindən geri qalmır. Oktay Mir Kasımın lentə aldığı "Günaydın, mələyim" də çox gözəl filmdir. Filmdə baş rolda oynayan Ayan Mir Kasım isə hədsiz dərəcədə istedadlı aktrisadır".
"Xəbərim yoxdur"
Xalq artisti Həmidə Ömərova: "Kino çəkilişlərindən xəbərim yoxdur. Axır vaxtlar filmlərə çəkilmirəm. Özüm "Bir ailəm var" serialına çəkildiyimdən, serial proseslərini izləyirəm və baş verənləri çox normal dəyərləndirirəm.
Əksər telekanallarımızda seriallar çəkilir, baş qəhrənmanlar sevilir və onlar ətrafında müzakirələr aparılır. Bu rəqabətdir, hansı serialın ətrafında müzakirələr aparılırsa, demək, həmin ekran əsəri tamaşaçıların diqqətini çəkməyi bacarıb. Nə qədər çox serial olsa tamaşaçı pisi, yaxşıdan ayırmağı bacaracaq. Serialların çəkilməsi aktyorların daha bir qazanc yeridir. Şükürlər olsun ki, seriallar var və aktyorlarımız çəkilişlərlə məşğuldurlar. Demək olar ki, işsiz aktyor qalmayıb. Doğrudur, bu sahədə nöqsanlarımız da var, amma inkişaf gedir. Seriallara baxılmasaydı, bu qədər tamaşaçı marağına səbəb olmazdı. Hər zaman insanlar seriallardakı hadisələri soruşurlar. Mənə deyirlər ki, "Siz niyə "Bir ailəm var" serialında gəlininizlə yola getmirsiniz? Nə olar, yoldaşınızla barışın".
Hacı İsmayılov serialımızda Uğur obrazını canlandırır və keçən dəfə deyir ki, bu qədər filmə çəkilmişəm, teatrda işləyirəm. Amma harasa gedəndə Uğur müəllim deyə çağırırlar. Bunu da nəzərə almaq lazımdır ki, gənc nəsil, balaca uşaqlar bizi tanımırlar. Amma hazırda məktəbdən çıxanda məni Əsmər xanım deyə çağırırlar".
"Baxmamışam"
Xalq artisti Səidə Quliyeva: "Doğrusu, "Azərbaycanfilm"in çəkdiyi filmlərə baxmamışam. Kinostudiyaya səsləndirməyə getmişəm. Amma aktrisalığımla bağlı mənə aid olan bir şey olmayıb. Bir-iki suallı təkliflər var. Hələ özüm də üçün də qaranlıq olduğuna görə açıqlama vermək istəmirəm".
"Bir söz deyə bilmərəm"
Xalq artisti Amaliya Pənahova: "Son illər çəkilən filmlərə baxmamışam, ona görə bu haqda bir söz deyə bilmərəm. 50 il yaradıcılıq karyeramda 200-dən artıq rol ifa etmişəm, bura həm teatrda, həm də kinoda yaratdığım obrazlar aiddir. Əksəriyyəti də Qızıl Fondda saxlanılır.
Rol baxımdan gözüm toxdur, o mənada xüsusi oynamaq istədiyim rol yoxdur. Əlbəttə, filmlərə çəkilmək istəyirəm. Bu rol bir qadın taleyini - sevgisini, həyəcanını, duyğularını özündə mükəmməl şəkildə əks etdirməlidir".
"Məndən incidi"
Xalq artisti Zemfira Nərimanova: "Yeni çəkilən filmlərə baxa bilməmişəm. Son illər bircə dəfə öz təklifimlə Ayaz Salayevin çəkəcəyi filmə təsdiqləndim. Amma sonra məişət probleminlərimə görə çəkilməkdən imtina etməli oldum. Hətta Ayaz məndən incidi də.
Mən işi peşəkar adamlarla görməyə çalışıram. Məni çəkilişə dəvət edəndə soruşuram ki, kimlərlə işləyəcəm. Həmişə bu prinsipə riayət edirəm".
"Dolu"
Xalq artisti Rasim Balayev: "Yalan olmasın son 10 ildə 50-yə qədər film çəkilib. Ola bilsin, kimsə televiziyada hansısa proqramda bir dəfə rast gəlib, amma əksəriyyət görməyib. Nisbilik nəzəriyyəsinə əsasən, "Dolu" Qarabağ hadisələrinə həsr olunmuş film kimi daha uğurlu ekran işidi.
Normal ssenari, yaxşı rejissor işi olan film istəyirəm. Bu gün filmlər çəkirlər, deyirəm, sən mal istehsal edirsən, amma buna istək yoxdur, niyə bir ucdan ard-arda düzürsən? Bu gün tamaşaçıda maraq yoxdur, tamaşaçını itirmişik. Düzdür, indiki tamaşaçılar 30-40 il bundan qabaqkı adamlar deyil, daha məlumatlıdırlar, maraq dairələri tamam başqadır.
Hamı yekə-yekə danışır ki, bu il 5 tamaşa təhvil verdik, filan qədər kino çəkdik. Ay qardaş, o tamaşalar, filmlər haqda heç kimin məlumatı yoxdur. Yadımdadır, cavan idim, "Solğun çiçəklər"ə baxıb çıxanda camaatın gözü ağlamaqdan qıpqırmızı idi. Hind kinolarına da böyük maraq vardı.Tələbat vardı, insanlar gedib baxırdı. İndi tələbat yoxdur, çünki neçə illərdir mütəmadi olaraq tamaşaçıların zövqünü korlayırlar.
Mən əksəriyyətdən danışmıram, içində ağıllı adamlar, sənəti sevən, şou-biznes proqramı görəndə kanalı dəyişənlər, roman oxuyanlar da var. Guya gülüş ustaları əmələ gəlib. Özlərini yaman günə qoymaqla adamları güldürmək istəyirlər. Əsl komediya odur ki, sən gülə-gülə düşünürsən və ondan nəticə çıxarırsan.
Hərdən köhnə kinolara yenidən baxıram. Hamı deyir ki, köhnə kinolardan yoxdur. Düzdür, elə kinolarımız da olub ki, pis qəbul ediblər. Bədii cəhətdən zəif olub, bəsit texnikadan istifadə edilib, amma məqsəd var idi".
Aktrisaların iradlarına cavab gəldi
"Azərbaycanfilm"in direktoru Müşfiq Hətəmov aktrisaların iradını qəbul etdiyini və bununla bağlı ciddi işlər görüldüyünü deyib: "Bu, bizim də yaralı yerimizdir. Rejissorlara deyirəm ki, yerli aktrisalarımızı çəkək, amma görürsünüz ki, bəzən onlar əcnəbi aktrisaları çəkirlər. Bu, yaradıcı prosesdir, buna müdaxilə etmək olmur.
Məşhur aktrisaların hamısı ilə bir-bir görüşmüşəm, demişəm ki, mövzu deyin, görək ssenarini kimə yazdıraq. Afaq Bəşirqızı çox istədiyim aktrisalardan biridir. Afaq xanımlar bəlkə, 10 dəfə görüşmüşük, amma bir ssenarinin üzərində razılaşa bilmirik. Ortaya qoyduğumuz mövzulara baxırıq, başa düşürük ki, partlayış edə bilməyəcəyik. Bu adamlar peşəkardırlar, hamı özünü ən məşhur ulduzun filminə kökləyəcək, filmdən istədiyini almasan, tamaşaçıya da, aktrisa üçün də böyük zərbədir.
Psixoloji zorlanmadan dəhşətli bir şey yoxdur. Şəfiqə Məmmədova ilə də müzakirələrimiz olub, çox istərdim ki, o mənim dövrümdə çəkiləcək bir filmdə rol alsın. İndi görün, Şəfiqə xanımın qarşısına qoya biləcəyimiz ssenarimiz varmı?"
Nərmin Muradova