Bakı şəhər Təhsil İdarəsinin tabeliyindəki 2 məktəb - 133 və 150 nömrəli tam orta məktəbləri Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, birləşdirilmə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasına əsasən aparılıb.
Məlumatda qeyd olunur ki, 2011-ci ildə əsaslı təmir olunmuş 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunmuş 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir.
Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.
Qeyd edək ki, birləşdirilən məktəblərdən hansında keyfiyyətinin daha yüksək və nümunəvi olması, hansında fəaliyyətin qeyri-qənaətbəxş olması haqqında məlumat verilməyib.
NİGAR