Fransanın turizm sənayesinin nümayəndələri Azərbaycana gələcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə əsas məqsəd sentyabrın 3-dən 6-dək Bakıda keçiriləcək “Açıq innovasiya və turizm” tədbirində iştirak etməkdir.
Tədbir Azərbaycanın Parisdəki səfirliyinin dəstəyi və Fransanın “Challenge Tourisme” Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək. Səfər çərçivəsində qonaqlar Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə tanış olacaq.
Qeyd edək ki, 20 ildən artıq təcrübəyə malik olan, turizm sahəsində elmi tədqiqat mərkəzi (Think Tank) rolunu oynayan “Challenge Tourisme” Assosiasiyası Fransanın turizm sahəsində fəaliyyət göstərən məşhur turizm təşkilatlarının rəhbərlərini özündə birləşdirir. Səfər zamanı nümayəndə heyətinin tərkibində bir sıra məşhur turizm və səyahət agentliklərinin və turizm sahəsində məlumat təşkilatlarının, o cümlədən “Tourmag.com”, “TV Tourisme” və “ITourisme” təşkilatlarının rəhbərlərinin iştirak edəcəyi nəzərdə tutulur.
Tədbirlərin proqramına uyğun olaraq sentyabrın 5-də “Fairmont Baku” mehmanxanasında Azərbaycanın turizm potensialına həsr olunan təqdimatın keçiriləcəyi, həmçinin yerli turizm şirkətləri ilə iki tərəfli görüşlərin təşkili nəzərdə tutlur.