7 Sentyabr 2015 18:03
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Binəqədi rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.

Qeyd olundu ki, məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si respublikanın ali məktəblərinə qəbul olunub ki, bunlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.

Bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi təhsil sahəsinin ən müasir tələblər səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradır.


Müəllif:

Oxşar xəbərlər