ÜGT Gömrük Komitəsinin Kinoloji Mərkəzinə beynəlxalq status verib
Sentyabrın 8-10 tarixlərində Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı keçiriləcək. “Gülüstan” sarayında təşkil olunacaq konfransda 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edəcək.
Dünən tədbir çərçivəsində Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Görüşdən əvvəl konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Dövlət Gömrük Komitəsində ÜGT Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.
ÜGT-nin Baş katibi ilə növbəti dəfə Bakıda görüşməkdən məmnun olduğunu vurğulayan DGK sədri Aydın Əliyev qeyd edib ki, qonağın budəfəki səfəri də əlamətdar hadisələrlə yaddaqalan olacaq: “Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin nəzdindəki Kinoloji Təlim Mərkəzinə beynəlxalq status veriləcək. Bu da ÜGT-nin Azərbaycan paytaxtında 3-cü regional strukturu olacaq. Bununla da Azərbaycan ilk və yeganə ölkə olacaq ki, regionda bu yönümlü təlim mərkəzi statusu ilə fəaliyyət göstərəcək.
Sentyabrin 8-dən isə Bakıda PİKARD konfransı öz işinə başlayacaq. Artıq 200-dən artıq nümayəndə qeydiyyatdan keçib. Builki yubiley konfransına 40-dan artıq ölkədən nümayəndə gəlib”.
Komitə sədri onu da vurğulayıb ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. O, Bakı şəhərində ötən ildən etibarən Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyət göstərdiyini və hazırda bu ali təhsil ocağı üçün tələbə şəhərciyi salındığını vurğulayıb. Komitə sədri burada hazırlanan kadrların ümumilikdə gömük sistemi üçün faydalı olacağını deyib.
Hazırda Azərbaycan gömrüyünün üzərinə böyük məsuliyyət düşdüyünü deyən Aydın Əliyev fəaliyyəti əsasən iki istiqamətdə qurduqlarını açıqlayıb: “Hazırda işimizin əsasını büdcə ödənişlərini vaxtında yerinə yetirmək və ölkənin təhlükəsizliyini qorumaq təşkil edir”.
Qonaqlara Kinoloji Mərkəz barədə məlumat verən Aydın Əliyev Azərbayanda təlim keçmiş itlərin Türkiyə, Makedoniya, Konqo, Toqo, Gürüstan və digər ölkələrə hədiyyə edildiyini deyib: “Bu gün isə Toqo gömrük nümayəndələrinin xahişi ilə 2 təlim keçmiş it onlara hədiyyə ediləcək”.
Bakıda PICARD konfransının səmərəli fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını da diqqətə çatdıran DGK sədri konfransın nəticələrinin uğurlu olacağına və gömrük elminə öz töhfəsini əsirgəməyəcəyinə ümid etdiyini söyləyib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını ifadə edib. Baş katib vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib: “Dünyada gömrük daşımalarının həcmi getdikcə artır. Odur ki, bu sahədə peşəkarlığın mütəmadi olaraq artırılması çox vacibdir. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələləri çox aktualdır. Ümidvaram ki, Ümumdünya Gömrük Təşkilatının Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransı bu işlərə öz töhfəsini verəcək. PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisədir. Bu gün dünya gömrüyü öz fəaliyyətində peşəkarlığa və elmə əsaslanır ki, Bakı konfransı da bu sahədə çox dəyərli fikirlərin öyrənilməsində faydalı olacaq”.
Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya imzalayıblar.
Görüşdən sonra Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin açılış mərasimi olub. Tədbirdə ÜGT-yə üzv dövlətlərin gömrük xidmətlərinin itlərdən və təlimçilərdən ibarət komandalarının nümayişi keçirilib. Bununla da Kinoloji Mərkəzin xidməti itləri və təlimçilərinin beşinci yarışına start verilib.
Yarışda Argentina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistandan qatılan təlimçilər itlərini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hazırda Azərbaycanda gömrük sahəsi üzrə bir neçə beynəlxalq tədbirin keçirildiyini vurğulayıb: “Tədbirlərdən üçü Kinoloji Mərkəzdə olacaq. Bura 2003-ci ildən mərkəz kimi fəaliyyətə başlayıb, bu gün isə ona rəsmi beynəlxalq status verilməsi ilə bağlı toplanmışıq. Burada təlim keçən itlərin sayəsində külli miqdarda narkotik vasitə, partlayıcı maddə zərərsizləşdirirlib. Bu müddət ərzində beynəlxalq əlaqələr də xüsusi diqqət yetirilib. Bizim itlər təlimçilərlə birlikdə dəvət olunduğumuz bütün treninqlərdə iştirak edib. Xüsusi təlimlərdə iştirak edən hazırlıqlı itlərimiz beynəlxalq mübadilə ilə xarici ölkələrə də bağışlanılıb.
Əfqanıstan, Makedoniya, Türkiyə, Monqolustan, Toqo və sairdə bizdə təlim keçmiş itlər fəaliyyət göstərir. ÜGT isə bu xidmətlərimizi nəzərə alaraq bizim mərkəzə regional təlim mərkəzi statusu verdi. ÜGT-nin ümumilikdə bu cür 8 mərkəzi var ki, bunlardan biri də bizim Kinoloji Mərkəzdir”.
Açılışda Qabona iki xüsusi təlim keçmiş it bağışlanıb. Sənədlər Qabon Gömrük Xidmətinin əməkdaşına təqdim olunub.
ÜGT-nin baş katibi Kunio Mikurio isə çıxışında sərhədlərin qorunması və təhlükəsizliyi sahəsində mərkəzin böyük əhəmiyyətə maliik olduğunu deyib və açılışa görə DGK sədri Aydın Əliyevə təşəkkür edib: “Vəzifələrin yerinə yetirilməsində yaxşı təlim görmüş itlərin rolu əvəzsizdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında təhlükəsizlik baxımından itlərin hazırlığı böyük önəm daşıyır. Bu gün imzalanan memoranduma əsasən artıq bu mərkəz beynəlxalq status daşıyır. Bu isə nəinki bir ölkəyə, eləcə də beynəlxalq miqyasda gömrük işinə yardım etmək deməkdir. Qlobal gömrükçülər ailəsinə göstərdiyi xidmətlər danılmazdır”.
Qeyd edək ki, Azərbaycanın kinoloji xidməti 1990-cı illərin ortalarında yaradılıb, Kinoloji Mərkəz isə 2003-cü ildə fəaliyyətə başlayıb.
Naibə QURBANOVA