9 Sentyabr 2015 12:46
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağıllısını siz etmisiniz", "Afərin!", "Bunu neçəyə almısan?", "Bunun əvəzinə gedib maşın alardın da..." Onlar bu sözləri insanlardan tez-tez eşidirlər. Söhbət şəhərdə qrup və ya tək halda motosikletin bir növü olan vespa sürənlərdən gedir.

Reportaj hazırlamaq üçün vespaçıların İzmir küçəsində yığışdıqları "Bruno" kafesinə yollandıq. Yaxınlıqda rəngbərəng vespalar diqqətimizi çəkdi. Axı, onlar bu nəqliyyat vasitəsini, əsasən, qrup halında sürürlər.

Məlumat üçün bildirək ki, vespaları 1946-cı ildə İtaliyanın "Piaggio & Co. S.P.a." firması istehsala başlayıb. Dünyada ilk skuter hesab olunur.

"Vespa" klubunun 7 üzvü var, altı oğlan, bir qız. Öz dilləri ilə desək, aralarında dəyərlisi olan Səlmi Cənnətovadır...

Beləliklə, söhbətə başladıq.

Ən azı iki nəfər...

"Vespa" klubunun üzvü Elvin Əliyev iki ildir bu "süzən nəqliyyat"a meyil salıb. Deyir ki, bu nəqliyyat vasitəsinin növü bir deyil, iki deyil: "İlk dəfə vespa almaq üçün mağazaya getdim. Satıcılar bildirdilər ki, 50 kubluq vespa yaxşıdır, onu alım. Amma arxadan bir nəfər dedi ki, alırsansa 125-lik al. Beləcə, mən gələcəkdə klubumuzun digər üzvü olan Kamranla tanışlaşdım.

Məncə, vespa elə bir nəqliyyat növüdür ki, onu sürəndə mütləq yanaşı daha bir vespa şütüməlidir. Belə bir azadlıq hissi iki və daha artıq vespaçını birləşdirir. Bizim klubun üzvlərini birləşdirən cəhət vespaya və azadlğa olan sevgimizdir. Biz bir-birimizə güvənirik".

Elrəng Əliyev deyir ki, klubun digər üzvü olan Nadir İbrahimovla görüşdükdə "Vespaçılar klubu" yaratmaq qərarına gəliblər: "Biz tanış olduq, sonra yay mövsümi bitdi. Qış aylarında vespa sürmək çətin olur. Növbəti ilin yay ayında isə mağaza qarşısından keçəndə göy və qırmızı rəngdə vespa gördüm və yaxınlaşıb oğlandan soruşdum ki, siz vespanızı dəyişmisiniz? Bildirdi ki, yox, bu, mənim deyil, bir qız var, onundur. Təzə aldığı üçün birlikdə sürəcəyik. Razılaşdıq ki, qrup şəklində vespa sürək.

Aprel ayında Hökumət Evinin qarşısında görüşdük və qrup halında vespada hərəkətə keçdik. Bərabər olanda vaxt daha maraqlı keçir.
Mən iki ildir bu nəqliyyat vasitəsindən istifadə edirəm. İstəyərdik ki, qrup üzvlərimiz daha çox olsun. Daimi üzvlərimiz artsa, buna çox sevinərik. Biz vespa sürməyi təbliğ etməyin tərəfdarıyam. İnanıram ki, sıramız genişlənəcək".

"Kim vespa sürürdüsə, arxasınca düşürdüm"

Klubun üzvlərindən olan Kamran Fətəliyevin əsas marağı klassik əşyalaradır. Vespaya da marağı bundan irəli gəlib - özü belə deyir.

Onun sözlərinə görə, vespa ilə turlar təşkil edirlər: "Əsasən, qrup halında birgə hərəkət edirik. Tək nə qədər sürsək də, qrup halında sürməyin həzzini ala bilmərik. Əslində, biz nə ediriksə, qrup halında özümüz edirik. Bildiyiniz kimi, bu il avqustun 28-30-da Şəkidə beynəlxalq moto-festival keçirildi. Xahiş gəldi ki, həmin festivalda biz də iştirak edək. Razılaşdıq və festivala yollandıq.

Orada bahalı motosikillər olsa da, bizim vespalara maraq daha yüksək idi. Bunun üçün də motosikillərdən sonra vespaların yürüşünə icazə verildi.

Klubumuzun üzvləri tez-tez yığışıb Mərdəkanda və ya başqa yerlərdə, açıq və geniş ərazilərdə vespa sürürük. Mən vespanı sürəndə keçirdiyim hissləri heç bir motoda hiss etmirəm".

"Vespa" klubun yeganə qadın üzvü Səlmi Cənnətovadır. O, deyir ki, əvvəllər yolda kiminsə vespa sürdüyünü görəndə arxasınca düşürmüş: "Bir dəfə xarici ölkələrin birinə səfərə getmişdim. Orada bir qızın vespa sürdüyünü gördüm və özümə həmin nəqliyyatdan almaq qərarına gəldim.

İlk vaxtlar gündüzlər şəhərdə tək sürürdüm. Sonra klub üzvləri ilə tanışlaşdıq. Artıq 5 aydır tam sərbəst sürürəm. Hazırda işlərimiz çoxdur deyə qrup halında gec-gec görüşürük. Əvvəllər 2-3 gündən bir qrup halında sürməyə çıxırdıq".

Yolda sürücülərin ona kömək etməsindən razı olan müsahibim deyir ki, kənardakı sürücülərə pis nümunə olmamaq üçün həmişə qaydalara riayət edir: "Dəfələrlə avtomobil sürücülərinin piyadalara yol verməməsinə şahid olmuşam . Halbuki avtomobil sürücüləri daha diqqətli olmalıdırlar. Sürücü yola çıxanda avtomobilləri keçmək üçün ətrafa bir dəfə baxırsa, motosikil sürənlər gərək iki dəfə baxsınlar. Motosikil daha sürətli hərəkət edir. Bizdə təhlükəsizlik kəməri, yastığı yoxdur. Bizi yol polisi saxlayanda ilk soruşduğu sual "Bunu neçəyə almısız" olur".

"Səlmi ilə vespa sürmək çətindir"

Klubun yarandığı gündən üzvü olan Samir Əhmədov deyir ki, Səlmi ilə vespa sürmək çətindir: "Çünki onun üçün narahat oluruq. Yeganə narahatlığımız odur ki, Səlmiyə kimsə kobudluq etməsin, hərəkətinə mane olmasın. Dəstə ilə hərəkət edəndə Səlmini dairəyə alırıq ki, narahat olmasın. Qrupumuzun digər üzvü Nadirin bir qızı var, çox vaxt onu da özümüzlə götürürük ki, Səlmi darıxmasın".

Orxan deyir ki, 20 ildir velosiped sürsə də, iki ildir vespaya keçib: "Burda əyləşən vespaçıların hər birinin ayrı-ayrılıqda problemi var. Problemsiz insan yoxdur. Amma biz öz klubumuzdan maddi vasitə kimi istifadə etmirik. Hətta fikirləşirik ki, bankda hesab açaq, klubun gəlirlərini xeyriyyəyə yönəldək.

Klubumuza birdən-birə 5-6 nəfərin qoşulduğu vaxt da olub. Amma onların bizi kimi olmadığını hiss etmişik və uzaqlaşdırmışıq".

"Xarici ölkələrdə əsasən vəzifəli insanlar istifadə edirlər"

Vespaçılarla söhbət zamanı haqqında danışılan Nadir İbrahimov da gəldi.

Deyir ki, vespa alanda qızı ilə məsləhətləşib: "Bizim bir-birimizi tanımağımızın uzaq keçmişi yoxdur. Hələ yeniyik, yavaş-yavaş böyüyürük, biri-birimizə isinişirik. Ətrafın da bizə münasibəti yaxşıdır. Öz qrup üzvümüz Elvinin toyunda gəlin maşınını vespa ilə müşayiət edirdik. Kameraya çəkilən zaman ətrafdakı insanlar bizə əl edirdilər.

Vespa üzrə beynəlxalq festival keçiriləcək. Biz orada iştirak etmək üçün hazırlaşırıq. Vespa klassik modeldir, nə qədər köhnəlsə də, öz nüfuzunu qoruyub saxlayır. Bu nəqliyyat vasitəsini sevən insan klassik üslubu da sevməlidir. Xarici ölkələrdə əsasən vəzifəli insanlar vespaya maraq göstərir".

Klub üzvləri deyir ki, vespanı sürmək rahat olsa da, onu sürəndə diqqətli olmaq lazımdır.

Səlmi Cənnətovanın sözlərinə görə, bir ay bundan öncə vespa sürmək üçün dəniz kənarına gediblər, orada vespaların toqquşmasından qorxub: "Havalar isti olanda vespa sürmək daha yaxşıdır. Biz gün planlaşdırdıq və vespa sürmək üçün Mərdəkana yollandıq. Oraya çatanda mənim qarşıma pişik çıxdı, sürəti azaldanda yıxıldım. Çevrildim ki, vespalar hamısı bir birinə toqquşub. Bundan çox qorxdum".

Qeyd edək ki, "Vespa" klubunun üzvləri hər biri fərqli sahələrdə çalışırlar. Klub üzvlərindən Elrəng Əliyev isə vespaların texniki işlərini bacarır.

Reportajın sonunda klub üzləri ilə birlikdə qrup şəklində vespa sürmək üçün şəhərə çıxdıq. Onların dediyi kimi, bu nəqliyyat vasitəsində özünü çox azad hiss edirsən...

İlhamə Əbülfət


Müəllif: