Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransaya səfəri çərçivəsində Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının (CRİF) sədri Roger Cukiermanla görüşüb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri də iştirak ediblər.
Görüş zamanı M.Qurbanlı Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq mühitindən danışıb. O, xüsusi olaraq qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında hökm sürən və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da möhkəmlənməsi və inkişaf etdirilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dayanır. Komitə sədri vurğulayıb ki, Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurası sədrinin Bakıya səfəri zamanı Dövlət Komitəsi, eləcə də Azərbaycandakı dini icmalarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bugünkü görüş üçün zəmin yaradıb.
M.Qurbanlı Avropanın ən böyük yəhudi icmasını təmsil edən və Fransanın nüfuzlu təşkilatlarından olan Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasına və onun sədri Roger Cukiermana Azərbaycana göstərdikləri dost münasibətə görə təşəkkür edib.
BƏXTİYAR