15 Sentyabr 2015 09:34
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firdovsiyə Əhmədova: "15 sentyabrı paytaxt günü kimi qeyd etməliyik"


Bu gün Bakının bolşevik və daşnak hərbi birləşmələrindən azad edilməsinin 97-ci ili tamam olur.
1918-ci ilin bu günü Bakı Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilib.


Tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova bildirib ki, Bakının Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilməsi uğrunda aparılan hərbi əməliyyatlar Azərbaycan və Türkiyə tarixşünaslığında geniş tədqiqat obyekti olub. Onun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra tarixçilər bu barədə həm monoqrafiyalar yazıb, həm də "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası"nın iki cildliyində bu hadisə geniş işıqlandırılıb: "Türkiyə tarixşünaslığında bu, çoxdan var və təbii ki, müstəqil bir dövlət olaraq tarixçilər bu mövzuya müraciət ediblər. Bakının azad olunması uğrunda vuruşan türk hərbçilərinin xatirələri çox önəmli tarixi mənbələrdir. Ölkəmizdə bu xatirələrin Azərbaycan türkcəsində yenidən çap olunması çox qiymətli bir məxəzdir və bu proses davam edir".


Tarixçi alim qeyd edib ki, Bakının işğaldan azad olunması Azərbaycanın müqəddəratı və dövlətçiliyi ilə bağlı çox əhəmiyyətli hadisədir. F.Əhmədovanın sözlərinə görə, XX əsrin ikinci on illiyində baş verən hadisələr, siyasi proseslər Qafqaz müsəlmanlarının, xüsusilə, azərbaycanlıların müqəddəratına birbaşa təsir göstərən amil olub:


"Azərbaycan muxtariyyəti hərəkatının genişlənməsi azərbaycanlılara qarşı heç də xeyirxah münasibətdə olmayan, öz mənafelərini üstün tutan qüvvələr tərəfindən xoşluqla qarşılanmırdı. Bunlar Azərbaycanı, Bakını vahid və bölünməz Rusiya, o cümlədən Sovet Rusiyasının tərkibində görmək istəyən qüvvələr idi. Bura həmçinin "Böyük Ermənistan" xülyasına düşən qüvvələr daxildir. Eyni zamanda, Xəzər hövzəsi, Bakı beynəlxalq rəqabət meydanına çevrilmişdi. Belə bir vəziyyətdə Qafqazda ən köməksiz qalan müsəlmanlar, azərbaycanlılar idi. Həmin dövrdə Qafqaz-İslam Ordusunun formalaşması Osmanlıdan göndərilən 5-ci, 15-ci diviziyalar, eləcə də, mütəmadi gələn canlı qüvvə, silah-sursat hesabına baş verdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusunun Bakı, Dağıstan və Qarabağ hərəkatı çox əhəmiyyətə malik hadisələrdir. 15 sentyabr Bakının işğaldan azad olunması sıradan bir şəhərin azad olunması demək deyildi. Bu, elə önəmli bir faktor idi ki, Bakı həmin dövrdə başqa bir qüvvənin əlinə keçsəydi, Azərbaycan dövlətçiliyinin və xalqının müqəddəratı tamam başqa məzmun ala bilərdi. Bu baxımdan Bakının işğaldan azad olunması Azərbaycan Cümhuriyyətinin elan olunması qədər mühüm bir hadisə idi və məhz həmin gün Bakı faktiki olaraq dövlətimizin paytaxtı elan edildi. Biz hər il 15 sentyabrı Bakının işğaldan azad olunması günü kimi deyil, Bakının Azərbaycanın paytaxtı elan olunması günü kimi də qeyd etməliyik. Hesab edirəm ki, 15 sentyabrı Bakıda paytaxt günü kimi qeyd etmək və bunu inkişaf etdirmək lazımdır".


Tarixçi Taleh Cəfərov bildirib ki, Bakının işğaldan azad olunması ilə bağlı onlarla monoqrafiyalar var. Onun sözlərinə görə, məlumatlar həddən artıqdır, lakin bu günun əhəmiyyəti tamam başqadır: "Çünki Azərbaycanın çətin dövründə Osmanlının qardaş köməyinə gəlməsi xüsusi əhəmiyyətə malikdir. Nuru paşanın Azərbaycana gəlişi, Naxçıvanın Kazım Qarabəkir paşa tərəfindən azad olunması Azərbaycanın dünya xəritəsindən silinməməsinin əsas göstəricisidir. Onlar təkcə bu işi Şimali Azərbaycanda həyata keçirməyə gəlməmişdilər, eləcə də, cənubda da bu proses paralel aparılırdı. Bizdə ümumilikdə 50 min insan qətlə yetirilmişdisə, Arazın cənubunda 250 min insan öldürülüb. Çünki cənubdakı ermənilər fürsət gözləyərək, aysorlar və kürdlərlə birgə qətliamlar həyata keçiriblər".


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər