24 Sentyabr 2015 00:08
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” adlı məruzə ilə çıxış edib.

Məruzədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 10 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib.


İclasda humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib.


Həmçinin Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə “Azərbaycan tarixi”, “Azərbaycan incəsənəti tarixi”, “Azərbaycan fəlsəfə tarixi” və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.

Növbəti məsələ AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının yeni tərkibinin təsdiq edilməsi barədə olub. Həmçinin İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində də dəyişikliklər edilib.

Daha sonra iclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şəhərsalma sahəsində elmi tədqiqat işlərinin yeni tələblərə uyğunlaşdırılması zərurətini nəzərə alaraq elmi təşkilatın struktur tərkibində dəyişikliklər edilib. Qərarla institutun bəzi şöbələrinin adları dəyişdirilib. Onların yeni əsasnamələrinin bir ay müddətinə müvafiq qaydaya uyğun hazırlanması barədə tapşırıq verilib.


İclasın sonunda bir sıra kadr məsələləri müzakirə edilib. Rəyasət Heyətinin qərarı ilə Nərgiz Əliyarlı AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbərinin müavini vəzifəsinə təyin edilib. Bundan başqa filologiya elmləri doktorları Məmməd Əliyev və Məhərrəm Qasımlı AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinləri, filologiya elmləri doktoru Xatirə Bəşirli AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, Sədaqət Hüseynova muzeyşünaslıq və fond işi üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva isə həmin elmi təşkilatın elmi katibi vəzifələrinə təyin ediliblər. Həmçinin AMEA-nın müxbir üzvü Şahin Mustafayev AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub.

SEVİL


Müəllif: