Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan kəhrizləri ilə bağlı çıxış edəcək.
Kəhriz dağətəyi zonalarda yeraltı suları öz axarı ilə yer səthinə çıxarmaq üçün tuneldə yaradılmış qurğu sistemidir. Su lağımı peşəkar kankanlar vasitəsilə qazılır. Maili lağım müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür. Sistemə toplanan yeraltı sular son quyunu keçməklə yer səthinə çıxır.
Adətən, lağım suyu təmiz və duru olur, ekoloji baxımdan içmək üçün ən əlverişli mənbə hesab edilir. 1911-1917-ci ildə Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Xaçmazdan Bakıya çəkilən və il ərzində 120 milyon kub metr su verən Şollar suyu da məhz kəhriz sistemi ilə nəql edilir.
YUNESKO-nun Kəhrizlər və Hidravlik Qurğular üzrə Beynəlxalq dövlətlərarası idarə heyətinin üzvü Əlövsət Quliyevlə Azərbaycan kəhrizlərinin vəziyyəti, keyfiyyəti, bərpası və yeni kəhrizlərin qazılması haqqında söhbət etdik.
İnsanların yaratdığı möcüzələrdən biri...
Əlövsət Quliyev bildirdi ki, Azərbaycanda çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərdə zəngin yeraltı su ehtiyatı var. Bu su ehtiyatı hidrogeoloji şəraitin imkan verdiyi şərtlər daxilində ta qədimdən bu günədək kəhriz, quyu, ovdan və sair vasitəsilə istifadə edilməkdədir. Ən çox istifadə olunanı isə kəhrizlərdir: “Kəhrizlər insanların yaratdığı möcüzələrdən biridir. Tarixdə indikindən qat-qat artıq quraqlıq dövrü olub. Bu vəziyyət elə şərait yaradıb ki, babalarımız torpağın qatlarını öyrənməklə, özləri də bilmədən geologiya, geomorfologiya, torpaqşünaslıq, hidrologiya, hidrogeologiya, torpaqşünaslıq kimi elmi fəhmlə mənimsəyərək yeraltı suları öz axını ilə üzə çıxarmağa nail olublar.
Kəhrizlər dağətəyi zonalarda xarakterikdir. Quyular isə düzənlik zonalarda qazılır. Suyu horizontlardan təzyiqlə yer səthinə fontan şəklində çıxan sular isə artezian sularıdır".
“Azərbaycan kəhrizləri” adlı böyük elmi monoqrafiyanın müəllifi dedi ki, kəhriz şərq ölkələri - Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Oman, İordaniya, Çin və başqa ölkələrin bir sıra bölgələrində yeganə su mənbəyi kimi bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Təbiətin ən ziyansız sistemi
Kəhrizləri təbiətin ən ziyansız sistemi adlandıran tədqiqatçı dedi ki, ekosistemlərə heç bir mənfi təsir göstərməyən bu içməli su mənbəyi quraq zonalarda ən etibarlı qaynaq hesab olunur: “Nəzərə alsaq ki, bu gün planetdə gedən istiləşmə, təbii hadisələr bəşəriyyəti ayıq olmağa, təbiətdən səmərəli istifadə etməyə çağırdığı halda, saf və təmiz, fasiləsiz su verə bilən, cüzi xərclə cari təmir olunan, əhalinin içməli və suvarma suyuna tələbatını ödəyən kəhriz sistemlərinin qorunması və bərpasına daha böyük diqqət lazımdır.
Kəhrizlər Azərbaycanda su və həyat mənbəyi kimi, suvarma-tikinti mədəniyyətinin qədim nümunələri kimi mühüm əhəmiyyət kəsb edir. Kəhrizlərə xalq arasında həm də abidə, yaxud bulaq-abidə kimi də ciddi əhəmiyyət verilir.
Tərkibinə görə ən təmizi kəhriz sularıdır. Yerin 300-400 metr dərinliyindən təzyiqlə çıxan subartezian quyularının suyu canlı deyil, amma kəhriz suları canlıdır. Şoran torpaqların yuyulmasında, ekoloji təmiz məhsul yetişdirməkdə təmiz tərkibli sulardan istifadədə kəhriz suları əvəzsizdir".
1500 kəhriz var, yeniləri də qazıla bilər
Azərbaycan zəngin yeraltı su ehtiyatına malik olduğunu deyən Əlövsət Quliyev bildirdi ki, hazırda ölkəmizdə 1500-dən çox kəhriz mövcuddur. İndiyədək onlardan 900-ü dövlət qeydiyyatında olub: “İşğal zonasında təxminən 339 kəhrizimiz qalıb. Bərdədə, Goranboyda, Gəncədə, Lerikdə və digər rayonlarımızda da var. Bəziləri bərpa olunub, bəziləri tədqiq olunub bərpa edilməlidir, hətta yeni kəhrizlərin qazılması üçün potensial mənbələr də var.
Ümumiyyətlə, Azərbaycanda ildə 1 milyard kub metrə qədər su sərf edən kəhriz suları olub. Bir dəfə də məruzəmdə bildirmişdim ki, kəhrizlər Kür, Arazdan sonra üçüncü çaydır. Çünki saniyəlik sərfi 13 kub metrdir".
Naxçıvanda Kəhriz idarəsi yaradılıb
Əlövsət Quliyevin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında 307 kəhriz var ki, onlardan 200-dən çoxu bərpa olunub, bərpa işləri və yeni tədqiqatlar hazırda da davam edir: “Bu problem Naxçıvanda artıq həll olunub. Hətta Kəhriz İdarəsi də yaradılıb. Naxçıvanlılar kəhrizlərə sahib çıxıblar.
Bəzi beynəlxalq təşkilatlar cəlb olundu, kankanlar tapıldı, onlarla yeni təlim-texnalogiyalarla bağlı marifləndirilmə işləri aparıldı. Hazırda Naxçıvanda bərpa olunmayan kəhrizlər çox az qalıb".
Kəhrizləri bərbad hala salırlar
Tədqiqatçı alim təəssüflə bildirdi ki, ötən əsrin ortalarında kəhrizlər başlı-başına buraxıldığı üçün onların çoxu öz güçünü itirib, bəziləri isə dağılaraq baxımsız vəziyyətə düşüb. Bu isə öz növbəsində, ölkədaxili miqrasiya, kənd təsərrüfatı sahəsində çətinliklərin yaranması və su çatışmazlığı ilə nəticələnıb: “Bir hissəsi sovet dövründə unudulub. Bir hissəsinin isə tədqiqatı aparılmalıdır. Təəssüf ki, bu işə aidiyyəti olmayan bəzi qurumlar Bərdədə, Goranboyda 3-4 kəhrizi bərbad hala salıblar.
Beynəlxalq təşkilatlarla əlbir işləyib, özfəaliyyətlə məşğul olublar. Hətta dələduzluq o həddə çatıb ki, kəhrizin açılışını edərkən su çənini kəhrizin quyusuna boşaldıblar, ordan suyu çəkiblər ki, guya bu, kəhriz suyudur. Biz bu işə müdaxilə edəndən sonra onlar fəaliyyətlərini dayandırdılar".
Yeni kankanlar məktəbi yaradılıb
Hazırda kankanlar məktəbinin fəaliyyət göstərdiyini deyən tədqiqatçı qeyd etdi ki, bu sahənin inkişafı və genişlənməsi çox zəruridir: “Kankanları topladıq, onlarla işlədik, maarrifləndirdik, yeni kadrlar hazırladıq. Hazırda onlar həm əl işindən, həm də yeni texnologiyalardan istifadə etməklə bu işi icra edirlər.
Ümumiyyətlə, biz yeraltı sulardan yeni texnologiya ilə istifadəsini bacarmalıyıq. İstər kəhriz vasitəsilə, istər digər metodlarla".
Kəhrizləri bilənlərə tapşırmalıyıq
Tədqiqatçı dedi ki, işlək vəziyyətdə olmayan kəhrizlərin gözünün açılması üçün uzunqollu ekskavatorlardan istifadə olunması yanlış fikirdir: “Kəhriz var 8 metrdən, kəhriz var 16, hətta 30 metr dərinlikdən çıxır. Ekskavator kəhrizin qarşısında uzaqbaşı 4 metr dərinlikdə işləyə bilər ki, bu da əksinə, problem yaradır.
Ötən əsrin 80-85-ci illərində kiçik suvarma məsələsi aktuallaşmışdı, bərpa etmək adı ilə ekskavatorlarla neçə-neçə kəhrizin qarşısını eşib, yararsız hala saldılar. Ona görə də mütləq bu sahənin öz sahibi olmalıdır".
Əlövsət Quliyev sonda dedi ki, artıq insanlar kəhrizləri yararsız və köhnəlmiş infrastruktur hesab etmirlər və onlar kəhrizlərin vasitəsi ilə münasib qiymətə başa gələn yüksək keyfiyyətli su ilə həm indiki zamanda, həm də gələcəkdə təchiz olunacaqlarına əmindirlər: “Kəhrizləri öyrənmək konkret mənada regionu, geniş anlamda isə ölkəni tədqiq etməklə gələcəkdə su problemlərinin yaranmaması üçün tədbirlərin görülməsinə ehtiyac var. Odur ki, mən bu məsələ ilə bağlı ”Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovla görüşməyi və bu sahənin inkişafı üçün lazımı tədbirlərin görülməsi məsələsini müzakirə etməyi nəzərdə tutmuşam".
Sevil Hilalqızı