15 Oktyabr 2015 17:49
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan - bizim qala. 2-ci mərhələ” adlı layihə icra edilib.

Teleqraf.com xəbər verir ki, 7- 8 oktyabrda İsmayıllıda, 9-10 oktyabr tarixlərində Şəkidə və 12-13 oktyabrda Masallı rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb.

Layihənin rəhbəri Nurəddin Mehdiyev Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında biliklərinin zəif olduğunu deyib: “Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə-baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilərək, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunub. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə təqdim edilib.

Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılıb. Seminar -dərslər aşağıdakı mövzuları əhatə edib: İrəvan – qədim Azərbaycan torpağı, İrəvan – tarixi faktlar, İrəvanın tarixi memarlıq abidələri, İrəvan əhalisi, Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti.

Hər bir regionda iki gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yolla 3000 gəncin cəlb olunub.

Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunub.

Xatırladaq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bölgələrində həyata keçirilib.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər