Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin geniş tərkibli kollegiya iclası keçirilib.
Komitədən verilən məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib.
İclasda çıxış edən komitənin sədri Ramiz Həsənov 2015-ci ilin 9 ayı ərzində qazanılmış uğurlar haqqında məlumat verərək bildirib ki, dünyada gedən mənfi sosial-iqtisadi proseslər, bir çox ölkələrdə mövcud olan sosial-iqtisadi və maliyyə problemlərinə baxmayaraq Prezident tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu ilin 9 ayı ərzində iqtisadiyyatın dayanıqlı inkişafı təmin olunub.
2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7% artmış, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötmüş, sənaye istehsalında 2,1%, qeyri-neft sənayesində 10,4%, kənd təsərrüfatında 6,7%, ümumilikdə qeyri-neft sektorunda 6,4% artıma nail olunub.
Sədr həmçinin bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Belə ki, dövlət başçısı maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və təşviqi, sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, korrupsiya və rüşvətxorluğa, iqtisadi inkişafa süni maneələrə qarşı mübarizənin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə R.Həsənov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılmış, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası fəaliyyəti təkmilləşdirilib.
Sədrin sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir.
Ramiz Həsənov həmçinin bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinini fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam etməkdədir.
Bununla yanaşı öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyyələrin verilməsi ilə bağlı qərar qəbul olunub.
İLHAMƏ