23 Oktyabr 2015 17:49
333

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Aşura günü ilə bağlı ölkə Əhli-Beyt sevərlərinə müraciət edib. Seyid Camal Əzimbəylinin müraciətində bildirilir:

“Uca Allahın adı ilə. Təmsil etdiyim şəcərəli Əhli-Beyt Seyid Ocaqları adına Azərbaycanın bütün Əhli-Beyt sevər vətəndaşlarına müraciət edirəm.

Əziz bacı və qardaşlarım! Sevgili Peyğəmbərimiz və Onun pak Əhli-Beytinin ən ali şəhidi, ölməzlik məktəbinin öndəri Həzrəti Hüseyn və Onun silahdaşlarının şəhadətə qovuşmalarının ildönümü münasibətilə hər birinizə başsağlığı verirəm.

Əzizlərim! Qarabağ Seyid Ocaqları, Kərbəla qiyamını doğuran səbəbləri dərk edən, İmam Hüseyn nəslindən olan, əsrlərdir ki, qədrbilən xalqımızın and yerinə çevrilən Seyidlərin adından müraciət edərək bildirirəm ki, canımız Azərbaycanımızın birlik və bərabərliyi, bütövüyü, Qarabağımızın işğaldan azad olunması naminə bir olmalıyıq. İmam Hüseyni siyasi alətə çevirənlərə fürsət verməməliyik. Azərbaycanı İraqa, Suriyaya, Pakistana çevirmək istəyən, ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən, istər xarici istərsə də daxili zərərli qüvvələrin mövcud olduğunu unutmamalıyıq.

Əziz Əhli-Beyt sevərlər! Sevgili Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.s) buyurur ki: “Vətəni sevmək imandandır”. Bu məmləkətin əsl vətənsevər iman sahibləri sizlərsiniz. Əsrlərdir ki, məmləkətimizin bütövlüyü, milli mənafelərimizin mühafizə olunması yolunda Əhli-Beyt sevər ölkə vətəndaşlarının misilsiz xidmətləri olmuşdur. Bu gün müqəddəs dinimizə ləkə gətirən, əslində İslama heç bir aidiyyatı olmayan təkfirçi milli dönüklərə zərrə qədər də olsa belə Aşura günündə fürsət verəcək əməllərə yol verməmək hər birimiz üçün şərəf işi olmalıdır! Unutmamalıyıq ki, İmam Hüseyndən dərs alan minlərlə Vətən övladları məmləkətimizin bütövlüyü uğrunda qəhrəmancasına Şəhidlik mərtəbəsinə yüksəliblər. Əhli-Beytin layiqli davamçısı, şəhid Seyid Mübariz İbrahimovun qəhrəmanlıq səlnaməsi hər birimizə örnəkdir.

Aşura günündə milli dövlətçiliyimiz, Qarabağ torpaqlarımızın tezliklə işğaldan azadlığı naminə Rəbbimizdən Əhli-Beytə xatir kömək diləmək ən ali duamız olsun. Uca Allah dininə, Peyğəmbərinə və onun pak Əhli-Beytinə, eləcə də dövlətinə və bayrağına könül verən bütün ölkə vətəndaşlarımızı qorusun. Amin"!


Müəllif:
Загрузка...