28 Oktyabr 2015 16:36
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“525-ci qəzet”in 17 oktyabr 2015-ci il tarixli sayında Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri şair Vaqif Quliyevin (Bəhmənli) nazir Əbülfəs Qarayevə həsr etdiyi şeir qalmaqala səbəb olmuşdu. Bu gün Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Teleqraf.com həmin açıqlamanı təqdim edir:

Qeyd etmək istəyirik ki, bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib. Lakin nazir şeirdə işlənən ifadələrdən o qədər də razı qalmayıb, təriflərə öz iradını bildirib və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb. Lakin hadisənin üstündən xeyli müddət keçdikdən sonra Vaqif Quliyevin Gənc Tamaşaçılar Teatrında keçirilən 60 illik yubiley mərasimi ərəfəsində şairin şeirlər toplusu ilə birlikdə bu şeir dərc edilib və yuxarıda qeyd etdiyimiz kimi müxtəlif müzakirələrə, bəzən qərəzli və emosional münasibətlərə səbəb olub.

Bu hadisə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən pislənilib, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə əlaqə yaradılaraq bu üslubda şeirin qəzetdə dərc olunmasına dair irad bildirilib.

Ümumilikdə son günlər kütləvi informasiya vasitələrinin geniş müzakirəsinə səbəb olmuş bu fakt dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun gəlməyən hal kimi dəyərləndirilib və nazirliyin əməkdaşının rəhbər şəxsə qarşı öz fikirlərini bu formada - yaradıcılıq nümunəsi vasitəsilə bildirməsi qəbuledilməz hal kimi dəyərləndirilib.

Vaqif Quliyevin dövlət qulluqçusu kimi öz vəzifələrinə uyğun gəlməyən yaradıcılıq nümunəsinin çap etdirməsi pislənib və bir daha təkrarlanmaması tapşırılıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər