2 Dekabr 2015 16:35
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində Teleqraf.com-a daxil olan məlumatda belə deyilir.

30 noyabr – 4 dekabr tarixində Namibiya Respublikasının paytaxtı olan Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanılıb. Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirib ki, “Lahıc misgərlik sənəti” ilə bağlı verilən qərar Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına tövhə verəcək.
“Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının SiyahıYUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

Hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Nərmin


Müəllif: