Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyi vurğulanıb.
Bildirilib ki, nazirliyin əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illərdə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır.
Cari ilin sentyabr ayında yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün bərpa müalicəsi sahəsində ən yüksək standartlara cavab verən bir müəssisədir. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli tibbi-fizioterapevtik üsulların həyata keçirilməsi üçün ən müasir tələblər səviyyəsində şərait yaradılıb.
Naibə QURBANOVA