Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüş olub.
Teleqraf.com-un məlumatına görə, Səlim Müslümov ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində islahat tədbirlərinin geniş vüsət aldığını vurğulayıb: “Bu tədbirlərdə biz mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq sahələr üzrə ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə həmin təşkilatlarla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. BMT-nin və onun qurumlarının aidiyyəti iş sahələri ilə bağlı Konvensiyaları üzrə öhdəliklərin icrası sahəsində də məqsədyönlü işlər aparılıb”.
Nazir BMT İnkişaf Proqramı ilə görülən birgə işlərin əhəmiyyətini də diqqətə çatdırıb: “Son illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində SYSLAB Təlim Tədris Mərkəzləri vasitəsilə aparılan təlimlər 450 nəfərdən çox işsiz və işaxtaran şəxsin öz potensial iş qabiliyyətlərini işəgötürənlərə təqdim etmək bacarıqlarına yiyələnməsində mühüm rol oynayıb. Onlardan artıq 80 faizdən çoxu müxtəlif dövlət və özəl təşkilatlarda münasib iş yeri ilə təmin ediliblər.
Ümumilikdə biz qarşıdakı dövrdə məşğulluq sistemində qabaqcıl dünya təcrübəsindən irəli gələn innovativ metodların tətbiqi üçün belə layihələri davam etdirmək niyyətindəyik”.
Qeyd olunan sahələrdə görülən birgə işlərdə rezident əlaqələndiricisi kimi Antonius Brukun fəaliyyətini yüksək dəyərləndirən Səlim Müslümov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Antonius Bruk ölkəmizdə fəaliyyəti dövründə respublikamızda bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahat tədbirlərini maraqla izlədiyini və həmişə bu işlərdə öz dəstəyini vermək üçün səylər göstərdiyini vurğulayıb. O, gələcəkdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin aidiyyəti qurumları arasında əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə əməkdaşlıq müstəvisində görülən işlərə və onların nəticələrinə dair fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA