Macarıstanın paytaxtı Budapeştdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun qarşılıqlı əməkdaşlığı sayəsində hazırlanan “Atəşkəs” sənədli filminin təqdimat mərasimi keçirilib. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb.
Təqdimat mərasimində çıxış edən Macarıstan parlamenti rəhbərinin baş məsləhətçisi Andras Ketemen macar və türk xalqları arasında olan tarixi bağlılıqdan söz açıb. A. Ketemen sənədli filmin Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində yaranmış faciələrin dünyaya tanıdılması baxımından əhəmiyyətini vurğulayıb: “Qarabağ faciəsi Avropada az bilinən, sadəcə dondurulmuş və ya mübahisəli bir məsələ kimi tanınırdı. Ancaq real faktlar bunun əksini sübut edir. Bu gün seyr etdiyimiz filmin arxasında, bir insanlıq faciəsi, minlərlə insanın acı taleyi dayanır. Macarlar bu duyğuları ötən yüzillikdə yaşadıqları üçün azərbaycanlıları çox yaxşı anlaya bilirlər”.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu gün Yaxın Şərqdən Avropaya qaçqın axınlarının böyük problemlərə yol açdığını misal göstərərək, Azərbaycanın bu ağrını 1988-ci ildən yaşadığını deyib. Səfir beynəlxalq ictimaiyyətin bir çox hallarda Qarabağın Ermənistan tərəfindən işğalına adekvat reaksiya verməməsini tənqid edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyətin böyük əmək sərf etdiyini vurğulayıb: “Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin, görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu gün işğal altında olan yerləri nümayiş etdirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Filmin rejissoru Erik Boqnar çəkiliş zamanı Azərbaycan xalqını yaxından tanımaq, onu sevmək imkanı yarandığını, insanların üzləşdiyi ağrı-acıları öyrəndikcə özünü kadrlarda yer alan faciəvi hadisələrin içərisində hiss etdiyini qeyd edib.
Macar Turan Fondunun rəhbəri və filmin eksperti Andras Biro azərbaycan və macar xalqlarının qardaşlığından söz açıb:“Macarlar azadlıq sevdalısı olan xalqdır və hər zaman ədalətin yanındadırlar. Əgər qardaşlarımız bir faciə yaşayırlarsa, biz çəkinmədən onların yanında dayanamalıyıq və bütün həqiqətləri dünyaya çatdırmalıyıq. Biz macarlar olaraq Avropada ilk dəfə Azərbaycan xalqının faciələrini, həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırılmasını üzərimizə götürməklə qürur duyuruq”.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Mustafa Qurbanlı filmin ərsəyə gətirilməsində göstərdikləri əməyə görə Macar Turan Fondu və BAMF kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, film Budapeştin qədim tarixi məkanlarından olan məhşur Uranium film və festival salonunda nümayiş etdirilib. Təqdimat mərasimində Macarıstanın hökumət nümayəndələri, 8 millət vəkili, 5 şəhərin bələdiyyə başçısı, Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyev və Şakir Fakili, TİKA-nın Budapeştdəki rəhbəri, jurnalistlər, iş adamları, ictimai xadimlər, tanınmış idmançılar və elm adamları iştirak edib.
Filmin Macarıstanın və Avropanın müxtəlif şəhərlərində nümayiş etdirilməsi və hazırlanmış DVD-lərin dünyaya yayılması planlaşdırılır.
BƏXTİYAR