12 Dekabr 2015 13:00
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “Arzu edirik ki, çox sayda məhkum azadlığa qovuşsun ”

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Bu barədə Əfv Komissiyasının üzvü, deputat Azay Quliyev məlumat verib. Komissiya üzvünün dediyinə görə, iclasda müraciətlərə və təkliflərə baxılıb. Deputat qeyd edib ki, müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycanda dekabrın 31-də həm Yeni İl, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilir. Bu günə qədər Prezident hər ilin dekabrın 31-də humanizm prinsiplərindən çıxış edərək əfv sərəncamları verib. Artıq son dövrlər ikinci dəfədir ki, Prezident yanında Əfv Komissiyasının toplantısı keçirilib. Bu isə o deməkdir ki, bu ayın sonunda növbəti əfv sərəncamı veriləcək.

Əfvə kimlərin düşəcəyini isə yalnız sərəncam verildikdən sonra bilmək mümkün olacaq.

Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, Əfv Komissiyasının iclası haqqında məlumatlıdır: “Hesab edirəm ki, dekabrın 31-də Prezident tərəfindən əfv sərəncamı olacaq. Düşünürəm ki, böyük bir siyahı olacaq. Bunu həm məlumatlara, həm də cəmiyyətin əhval-ruhiyyəsi səbəbindən deyirəm. Fikirləşirəm ki, belə bir əfvin verilməsinə ciddi ehtiyac da var. Son vaxtlar hüquq müdafiəçiləri də bununla bağlı addımlar gözlədiklərini ifadə etmişdilər. Eyni zamanda insan hüquqları problemlərinə dair Birləşmiş İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri də iclaslarda bu məsələni qaldırmışdı. Eyni zamanda buna qədər olan əfv sərəncamlarında bir qrup şəxs azad edilmişdi. Sonradan hüquq müdafiəçiləri siyahı tərtib etdilər. Hər halda siyahı hüquq müdafiəçiləri tərəfindən hökumətə təqdim edilib. Bizim siyahımızda barələrində məhkəmə hökmü olan QHT nümayəndələri, media təmsilçilərinin də adı var. Biz hesab edirik ki, artıq hökumət bu şəxslərin azad edilməsində maraqlı olmalıdır. Biz böyük ümidlə əfvi gözləyirik”.

Hüquq müdafiəçisi qeyd edib ki, bir müddət əvvəl Prezident Administrasiyasına təqdim etdikləri siyahıda 47 məhbusun adı olub: “Bizim siyahıda ictimaiyyətin tanıdığı şəxslərin hamısının adı var. Bəli, elə siyahılar var ki, orada 98 nəfərin adı keçirdi. Lakin bu siyahıya həm də islamçıların adlarını salmışdılar. Bizim hazırladığımız 47 nəfərin adı əslində, 98 nəfərlik siyahıda da var. Hər halda yeni il ərəfəsində əfvin verilməsi, ailələrin sevindirilməsi müsbət haldır. Biz hüquq müdafiəçisi olaraq bu kimi addımları təqdirəlayiq hesab edirik. Ümid edirik ki, əfvin verilməsi ilə ölkəmiz irəliyə doğru addım atacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, onlar dekabrın sonunda əfv sərəncamı verilməsini gözləyirlər. Onun sözlərinə görə, hər ilin sonunda Prezident tərəfindən əfv sərəncamı imzalanıb və bu il də belə olacaq: “Biz hüquq müdafiəçisi olaraq fəaliyyətimizi göstərmişik, siyahımızı müvafiq qurumlara göndərmişik. Eləcə də, Birləşmiş İşçi Qrupunda məsələ qaldırmışıq. Hesab edirəm ki, ayın sonunda əfv olacaq. Komissiyanın toplaşıb müzakirə aparması da bunu göstərir. Arzu edirik ki, çoxlu sayda məhkum azadlığa qovuşsun və ailələr sevinsin”.

Hüquq müdafiəçisi qeyd edib ki, əgər əfv sərəncamı olacaqsa, bundan istifadə edərək Avropa Şurasının qış sessiyasında iştirak edəcəklər: “Bizim Strasburqa səfərimiz həm də əfvlə bağlıdır”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər