Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi çərçivəsində mətbuat konfransı keçirib.
Tədbiri açan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüsalə Hüseynli bildirib ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq üçün KİV-in təsir gücündən səmərəli istifadəyə nail olmaq, Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir. Onun sözlərinə görə, bu gün keçirilən tədbirdə əsas müzakirə obyekti Azərbaycanın dünya mediasında daha geniş tanıdılması məsələləri müzakirə olunacaq: “Media nümayəndələri necə etməlidir ki, Azərbaycanla bağlı mövzuları xarici mediada daha geniş işıqlandırılsın. Bunun üçün bir sıra işlər həyata keçirilməlidir. İndiyədək bu mövzuda keçirilən tədbirlərimiz olub. Həmin tədbirlərdə bir sıra maraqlı təkliflər irəli sürülüb ki, həmin təkliflər də müvafiq qurumlara təqdim olunacaq”.
V.Hüseynli bu yaxınlarda bir qrup KİV nümayəndəsi ilə birgə Gəncədə səfərdə olduğunu da diqqətə çatdırıb: “Həmin səfər zamanı biz orada tarixi-mədəni yerlərlə tanış olduq. Növbəti belə səfər bu həftə İsmayıllı rayonuna olacaq. İsmayıllıda da jurnalistlərlə birgə Azərbaycan həqiqətlərinin dünya mediasında daha geniş işıqlandırılması məsələləri müzakirə olunacaq”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qeyd edib ki, hər bir azərbaycanlı jurnalist xarici səfərlərdə olan zaman bütövlükdə Azərbaycan adını yüksək səviyyədə təmsil etməlidir: “Hər birimiz öz müsbət davranışımızla yüksək azərbaycanlı obrazını yaratmalıyıq. Çünki vəzifəmizdən asılı olmayaraq, hər birimiz xaricə gedəndə Azərbaycanı təmsil edirik. Şəxsən mən ölkədən kənara çıxan kimi özümü Azərbaycanın təmsilçisi hesab edirəm. Üzərimdə Azərbaycan məsuliyyətini daşıyıram. Düşünürəm ki, hər bir azərbaycanlı da belə etməlidir”.
A.Həsrət Azərbaycanın xarici mediada geniş təbliği üçün səfirləri də fəal olmağa çağırıb: “Bu il Azərbaycanda Avropa oyunları keçirilən zaman bir çox səfirlər öz vəzifələrini yetərincə yerinə yetirmədilər. Azərbaycanın tanıdılması üçün səfirlərimizin də üzərinə böyük məsuliyət düşür”.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Afaq Nadirli layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, təmsil etdiyi qurum ölkəmizin xaricdə tanıdılması istiqamətində bir sıra layihələr həyata keçirir.
Daha sonra tədbir müzakirələrlə davam etdirildi.
Ayxan