10 Fevral 2016 10:55
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovla görüşüb.

QMİQ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında ənənəvi, dostluq və qardaşlıq münasibətləri barədə danışılıb, xüsusən tarixi dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, xalqlarımız arasında dini-mənəvi sahədə yaxınlıq, mədəni əlaqələr qardaş dövlətlərimiz arasında bütün sahələr üzrə münasibətlərin inkişafına müsbət təsir göstərir. Dövlət başçılarımızın qardaşlıq münasibətlərinin, qarşılıqlı səfərlərinin bu sahədə böyük əhəmiyyət kəsb etdiyini bildirən A. Paşazadə, ölkəmizdə multikultural dəyərlərə verilən diqqətdən söhbət açıb.

Daha sonra QMİ sədri Tacikistana səfərləri, iştirak etdiyi beynəlxalq tədbirlər, habelə Tacikistan prezidenti İmaməli Rəhmon ilə görüşləri barədə xoş xatirələrini bölüşüb, səfirdən Tacikistanın dövlət başçısına və müfti həzrətlərinə ən səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edib.

Səfir Z.Saidov, öz növbəsində, Qafqazın dini lideri A.Paşazadə ilə görüş fürsətindən məmnun, onun beynəlxalq miqyasda nüfuzu barədə məlumatlı olduğunu bildirib. O, QMİ sədrinin Mərkəzi Asiya ölkələri, o cümlədən, Tacikistanla dini-mənəvi sahədə dostluq və əməkdaşlıq münasibətlərinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu əlaqələrin qardaş dövlətlərimiz üçün böyük önəm kəsb etdiyini bildirən səfir, həmin münasibətlərin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər