19 Fevral 2016 13:54
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində Azərbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə “Türk-Ermeni ilişkileri ve Hocalı” adlı konfransda rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.

Teleqraf.com-un xəbərinə görə, Xocalı Soyqırımı ilə bağlı sənədli filmin nümayiş edilməsindən sonra Azərbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri, Metin Ekici Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.

İzmir Ekonomi Universitetinin müəllimi Vəfa Qurban, Bilkent ve Melbrun Universitetinin alimi Jeremy Salt qondarma erməni soyqırımı iddialarının yalan olması, tarixdə ermənilərə qarşı bir soyqırımın olmaması, erməni terror dəstələrinin türk insanına qarşı həyata keçirdiyi soyqırımlar barədə geniş məruzə ilə çıxış ediblər və gənclərin tarixi dərindən bilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan insanlarımızın ailəsinə və qardaş Türkiyəyə başsağlığı verərək başlayıb:

“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Sevincimiz də, acımız da ortaqdır. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik. Qardaş Türkiyədə şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir və terroru lənətləyirik. Hər zaman bütün məsələlərdə, o cümlədən terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq".

Ziyalıların, yerli sakinlərin, KİV təmsilçilərinin iştirak etdiyi konfransda millət vəkili Qənirə Paşayeva geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb. O, Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“.

Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: “Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”.

Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək.

Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır:

“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”

Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir” deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib.

“İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.

Millət vəkili tədbir iştirakçılarının suallarını da geniş cavablandırıb. Tədbirin sonunda çıxışçılara təşkilatçılar tərəfindən plaketlər hədiyyə olunub. Tədbirin keçirildiyi İzmir Sənət Mərkəzində Azerbaycan Kardeşlik və İşbirliyi Dərnəyinin təşkilatçılığı ilə İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarova Xocalı, Qarabağ mövzusuna aid əsərlərinin sərgisi də keçirilib. Millət vəkili Q. Paşayeva da daxil olmaqla tədbirdə iştirak edənlər sərgi ilə də yaxından tanış olublar. Qarabağ müharibəsi əlillinin övladı olduğunu deyən rəssam Gülnarə Muxtarova bildirib ki, hər bir Azərbaycanlı, hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha geniş yayılması istiqamətində fəal olmalıdır və o sənətin dili ilə Xpcalı Soyqırımı ağrısını, acısını insanlara daha geniş çatdırmağa çalışıb. Əsərlər hər kəs tərəfindən bəyənilib və millət vəkili Q.Paşayeva gənc rəssamımız Gülnarə Muxtarova bu önəmli fəaliyyətində hər zaman uğurlar diləyib.


Müəllif:

Oxşar xəbərlər