23 Fevral 2016 19:07
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 149 saylı Ağdam köçkün tam orta məktəbi ilə birgə Gəncliyə Yardım Fondunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmasın gərək!” mövzusunda hərbi-vətənpərvərlik, ədəbi-bədii tədbir keçirib.

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq 1992-ci ilin fevral ayının 26-dan 27-nə keçən gecə ermənistan silahlı qüvvələrinin 366-cı rus alayının köməyilə Xocalı şəhərində törətdiyi qətliyamı bəşər tarixində törədilmiş ən dəhşətli, insanlığa sığmayan soyqırım aktı olduğunu bildirdi.

Bu müdhiş gecədə 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulduğu qeyd edildi.

V.Qədirov bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun beynəlxalq hüquq normalarını yox, işğalçı və təcavüzkar Ermənistanı müdafiə etməsini, Xocalı soyqırımına belə ikili yanaşma sərgiləməsini azğınlaşmış ermənistanın bu gündə işğalda saxladıqları Azərbaycan torpaqlarında vandalizm hərəkətlərini davam etdirməsinə dəstəyin nümayişi kimi qiymətləndirilməli olduğunu bildirdi.

Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusuna ayrılan vəsaitin ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələməsi, bir çox beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Xocalı soyqırımının tanınması, Azərbaycanın 1-ci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində apardığı məqsədyönlü fəaliyyətin Ermənistanla bərabər, ona havadarlıq edən dövlətləri də narahat etməsi onu deməyə əsas verir ki, artıq bu dövlətlərin ermənistanı qorumasının uzunmüddət mümkün olmayacağından xəbər verir.

Tədbirdə çıxış edən 149 saylı Ağdam köçkün tam orta məktəbinin direktoru Arzu Qədirova, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, gənc müəllim Əsmər Allahverdiyeva və digər natiqlər Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bərabər böyüməkdə olan gənc nəslin yaddaşlarına silinməz həkk olunması istəqamətində mütəmadi hərbi-vətənpərvərlik təbliğatlarının aparılmasının vacib olduğunu vurğuladılar.

Tədbir məktəblilərin Xocalı soyqırımına həsr olunmuş kompazisiyaları ilə davam etdirildi.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər