26 Fevral 2016 13:37
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına rəsmi səfər edib. Səfər yüksək əhval-ruhiyyədə keçib, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. İran rəhbərliyi ilə qarşılıqlı anlaşma şəraitində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilib. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb.

Qeyd edək ki, səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın həmişə İrana qarşı sanksiyaların əleyhinə olduğunu və bütün yüksək kürsülərdən öz sözünü ifadə etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İran üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyib və bundan sonra da beynəlxalq aləmdə bir-birinə lazımi dəstək göstərmək niyyətini ifadə ediblər. Prezident, həmçinin bildirib ki, Azərbaycanla İran arasında əməkdaşlığın çox böyük perspektivi var. Əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək, ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığın inkişafına xidmət göstərəcək.

Əminliklə demək olar ki, bu səfərdən sonra Azərbaycanla İran arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və mövcud potensialın tam realizə olunması üçün lazımi tədbirlər görüləcək. Keçirilən görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb. Bu yolun istifadəyə verilməsi nəticəsində qitələr nəqliyyat infrastrukturu ilə birləşdiriləcək.

Bu səfərdən sonra İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq da inkişaf etdiriləcək. Belə ki, səfər zamanı Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi müzakirə olunub və bu sahədə əməkdaşlığın gücləndirliməsi yaxşı nəticələr vəd edir.

Eyni zamanda iki ölkənin energetika sahəsində əməkdaşlığı da təkcə İran-Azərbaycan əlaqələri ilə məhdudlaşmayacaq. Qonşu ölkələrin bu layihələrə qoşulması onlara regional və transmilli məzmun verəcək. Hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır.

İranla Azərbaycan arasında maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı şərait var. Azərbaycanla İran bölgədə və dünyada sülh, əmin-amanlıq və əməkdaşlığın bərqərar olmasına çalışırlar. Bu gün İran və Azərbaycan əməkdaşlığı bölgə üçün sabitləşdirici faktordur.

Azərbaycan Prezidentinin Tehrana rəsmi səfərinə münasibət bildirən Milli Məclisin deputatı Musa Qasımlı deyib ki, bu səfər həm ikitərəfli, həm regional, həm də beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu səfər Azərbaycan dövlətinin uzun illər boyu yürütdüyü İran siyasətinin düzgün olduğunu bir daha təsdiq etdi: “Azərbaycan daim İranla münasibətlərdə mehriban qonşuluq, daxili işlərə qarışmama və qarşılıqlı faydalı əməkdaşlıq xətti yürüdüb, üzərindən sanksiyaların götürülməsinə tərəfdar olub. Həm tarixi ənənələrimizdən, həm də iki ölkə arasında imzalanan sənədlərdən irəli gələn məsələlərə ciddi şəkildə riayət edib. Dövlətimizin İran siyasəti müstəqil olub”.

Səfər zamanı Azərbaycanla-İran arasında imzalanan sənədlərlə bağlı fikirlərini bildirən M.Qasımlı söyləyib ki, iki ölkə arasında imzalanan sənədlər qarşılıqlı münasibətləri yeni mərhələyə çıxarır və əməkdaşlığın böyük potensialının olduğunu göstərir: “Xüsusən, Şimal-Cənub dəhlizinin, Astara-Astara dəmiryol xəttinin tikintisinə dair imzalanan sənəd müstəsna əhəmiyyət daşıyır. Şərq və Qərb arasında körpü olan Azərbaycan bu sənəd reallaşdırıldıqdan sonra Şimal və Cənub arasında da etibarlı, sərfəli və əlverişli tranzitə çevrilir, ölkəmiz Fars körfəzinə, oradan da Hind okeanına çıxmaq imkanı əldə edir. Yeni dəmiryolu xəttinin tikintisi və işə salınması ölkəmizə əlavə gəlirlər gətirəcək, iqtisadiyyatımızın neftdən asılılığını xeyli azaldacaq, əlavə iş yerləri açılacaq, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına kömək edəcək, dövlətimizin beynəlxalq nüfuzunu və mövqelərini möhkəmləndirəcək. İmzalanan digər sənədlər də böyük əhəmiyyət daşıyır və qarşılıqlı münasibətlərin geniş perspektivlərinin olduğunu təsdiq edir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər