17 Mart 2016 17:38
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumxalq Novruz şənliyinə hazırlıq yekunlaşır

Martın 17-də Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək ümumxalq Novruz şənliyinə növbəti hazırlıq məşqi keçirilib.

Tədbirə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Novruz şənliyi ilə əlaqədar jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Novruz bayramına həsr olunan bu şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb: “Onların hazırlıq səviyyəsi yoxlanılıb. Hazırda son məşqlər gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm musiqi proqramı bütün insanların ürəyincə olacaq”.

Daha sonra Ədalət Vəliyev şənliyin proqramı haqqında geniş məlumat verib: “Hər il Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də ölkəmizin bütün bölgələrində geniş qeyd olunacaq”.

Qeyd olunub ki, martın 19-da Novruz şənlikləri İçərişəhərdən, Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir.

Bayram tədbirində ənənəvi “Şərq bazarı” da təşkil ediləcək. Azərbaycanın bölgələrini əhatə edən milli mətbəx nümunələri, həmçinin ölkəmizin müxtəlif rayonlarının kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək.

Eyni zamanda muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər.

Nazir müavini bildirib ki, Novruz tədbirləri çərçivəsində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışları üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Eyni zamanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmanın bütün növləri bu stenddə təqdim olunacaq. Həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da mərasimdə diqqətə alınacaq.

Ötən ildən fərqli olaraq bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq bayram yarmarkası 3 gün davam edəcək. Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək, şəhər sakinlərinə və qonaqlarına xidmət edəcək.

Novruz şənliyi Muzey Mərkəzinin qarşısında nəfəs alətləri orkestri, hərbi orkestr və Dövlət Xor Kapellasının çıxışları ilə yekunlaşacaq. Tədbir daha sonra “Saat” qülləsinin qarşısında davam edəcək. Burada səhər saatlarından başlanacaq bayram konserti axşamadək şənlik iştirakçılarını əyləndirəcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər