29 Mart 2016 14:46
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, martın 28-də Bakının Sabunçu rayonu ərazisində məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsinə müraciət edib.

Xəsarət alanlardan 10 nəfər 8-17 yaşlı məktəb şagirdi olub. Şagirdlərdən əlavə, hadisə nəticəsində avtobusda olan daha iki nəfər - 23 və 52 yaşlı şəxslər də xəsarətlə xəstəxanaya müraciət ediblər.

İlkin tibbi yardımdan sonra onların hamısı evə buraxılıb.

Hadisədə xəsarət alan məktəblilərin hamısı mikroavtobusla Kürdəxanı qəsəbəsindən Maştağadakı orta məktəbə gedirmiş.

Təhsil İdarəsindən verilən məlumata görə, 71 nömrəli məktəbin uzaq məsafədə yaşayan şagirdləri məktəbə gətirilib-aparılmaları üçün özəl avtobus xidmətindən istifadə edirlər.

Uzaqda təhsil alan şagirdlərin məktəbə gedib-gəlməsi problemi necə həll olunmalıdır?

Ekspert Etibar Əliyev Teleqraf.com-a bildirib ki, Təhsil Nazirliyinin orta məktəblərdə şagirdlərə xidmət göstərən nəqliyyat vasitəsi yoxdur: “Yalnız özəl orta məktəblərdə şagirdlərin hesabına xüsusi avtobuslar uşaqları ünvanlarına çatdırır. Qeyri-özəl orta məktəblərin heç birində bu xidmət yoxdur. Bu işi valideynlər özləri təşkil etmək məcburiyyətindədirlər”.

Etibar Əliyev bu məsələdə Təhsil Nazirliyini günahkar saymır: “Çünki Azərbaycanda 4500-dən çox məktəb var, onların hamısını nəqliyyat vasitəsi ilə təmin etmək qeyri-mümkündür. Yalnız özəl məktəblər məcburiyyət qarşısında qalıb nəqliyyat ayırırlar. Fikrimcə, onlar xidmətin keyfiyyətinə diqqət yetirməlidirlər”.

Ekspertin sözlərinə görə, valideynlərin öz uşaqlarını yaşadıqları ərazidən uzağa təhsil dalınca göndərməsinin bir səbəbi də təhsilin keyfiyyət problemdir: “Sovet vaxtı bütün vətəndaşlar öz uşaqlarını yaşadıqları ərazidə məktəbdə oxudurdular. İndi orta məktəblərdə təhsilin keyfiyyəti bir- birindən kəskin fərqləndiyi üçün hər bir valideyn istəyir ki, övladı uzaqda olsa da daha yaxşı təhsil müəssisində oxusun.

Məsələn, Sabunçu, Suraxanı rayonundan şəhərin mərkəzinə uşağı təhsil almaq üçün gətirirlər. Bu, həm tıxaclara səbəb olur, həm də şagird bu iki saat ərzində stress keçirir, yorğun düşür.

Yaxşı olardı, məktəblərdə təhsilin keyfiyyəti yüksəldilsin. Onda hər bir şagird öz yaşadığı ünvana yaxın məktəbdə təhsil alar”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər