29 Mart 2016 21:44
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı sahəsində də əsaslı inkişafa səbəb olmuş, müvafiq dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə bir sıra iri layihələr həyata keçirilib və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması kimi sosial yönümlü layihələrin icrası istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən islahatlar və layihələr birbaşa əhalinin rifahının, sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasında olub və bu sahədə müntəzəm işlər həyata keçirilib.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığın başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Dövlət başçısı həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə qərara alıb ki, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər