Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı anım mərasimi təşkil edib. Tədbirdə AXCP sədri Razi Nurullayev, partiya funksionerləri və üzvləri iştirak edib.
Partiyadan Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə çıxış edən AXCP sədri Razi Nurullayev 31 mart soyqırımı haqda geniş məlumat verib.
R.Nurullayev Xocalı soyqırımı ilə bağlı partiyanın hökumətə verdiyi təklifi xatırladaraq “Soyqırım Parkı”nın yaradılmasının vacibliyini bir daha vurğulayıb. Sədr bildirib ki, AXCP “Soyqırım Parkı” yaradılması ilə bağlı daha geniş təkliflər paketi hazırlayaraq yaxın günlərdə ictimaiyyətə və hökumətə təqdim edəcək.
Tədbirdə qeyd olunub ki, soyqırımı 1918-ci ilin 30 mart -3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilib. Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Mart ayının əvvələrindən başlayaraq, ordudan tərxis olunan, lakin silahları alınmayan ayrı-ayrı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi.
Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı.
Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir.