31 Mart 2016 15:22
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının, o cümlədən meyxanaçı İntiqam Rüstəmovun saxlanması haqda yayılan məlumatların detallarını öyrənmək üçün meyxanaçıya zəng etdik. O, dünən axşam radələrində baş verən hadisə barədə Teleqraf.com-un suallarının cavablandırdı:

- İntiqam bəy, Rusiyanın Yekaterinburq şəhərində polis tərəfindən saxlanıldığınız barədə xəbərlər yayıldı. Hadisə necə oldu, polis niyə Sizi saxladı?
- Rusiyanın Yekaterinburq şəhərində polis tərəfindən saxlanılmağımızla bağlı xəbərlər həqiqətə uyğun deyil. Azərbaycanlı qardaşımız Ağayar Ağayevin 50 yaşı tamam oldu və biz təntənəli şəkildə onun ad gününü keçirirdik. Çoxlu sayda azərbaycanlıların bir yerə yığılması yəqin ki, kimlərisə narahat edib, ona görə də polis orqanlarının əməkdaşları 22:00-da ad günü keçirilən məclisə daxil oldular. Gördülər ki, adi bir ad günü tədbiridir. Hətta polis komandiri məni tanıdı və mənimlə şəkil də çəkdirdi. Mənə dedi ki, bizə belə bir məlumat verilmişdi ki, burada dava olacaq, ona görə də kafeni yoxlamağa gəlmişik. Bizə dəymədilər, bölməyə də aparmayıblar.

- Heç kəsi bölməyə aparmadılar? 200 nəfərin saxlanıldığı deyilir...
- Az sayda tədbir iştirakçılarını dindirmək üçün bölməyə apardılar. Sonra sərbəst buraxdılar. Tədbir səhər saat 8-dək öz axarı ilə davam etdi.

- Məlumata görə, yığıncaqda Rövşən Lənkəranskinin tanışı avtoritet elan ediləcəkmiş...
- Bu məlumat doğru deyil. Yəqin media özündən belə bir şayiə uydurub.

- Rusiyadan nə zaman qayıdacaqsınız?
- Bu gün Azərbaycana qayıtmaq istəyirdim, məni tədbirə dəvət edən dostlar qoymadılar ki, qal, sabah gedərsiniz. Hazırda hər şey normaldır.

- Tədbir iştirakçıları nədən şübhələnir? Niyə polis adi ad günü tədbirinə basqın edib?
- Bu barədə hər hansı müzakirə etmədik, mənim də elə bir məlumatım yoxdur. Rusiyada bu kimi hallar adi qarşılanır. Bizim düşmənlərimiz ermənilər həmişə xain olublar və bizi istəməyiblər. Bu hadisədə onların da izi ola bilər, başqa bir səbəb də ola bilər. Biz incəsənətə adamlarıyıq və həmişə qalmaqaldan uzaq olmağa çalışırıq.

- Kriminal avtoritet kimi tanınan Rövşən Lənkəranskini tanıyırsınız?
- Rövşən müəllimi deyirsiniz? Onu harada görə bilərəm ki? Toylara gedən adamam.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər