Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib.
Nazir müavinin sözlərinə görə, Ağdamın Sarıcalılar kəndində olan məktəb mərmi düşməsi nəticəsində sıradan çıxıb: “Bu hadisə dərs vaxtı baş vermədiyindən xəsarət alan olmayıb. Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır”.
Ceyhun Bayramov Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğunu təsdiqləyib: “Hərbi əməliyyatlar başlayandan bu günə kimi cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunur. Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görülür. İnsanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib.
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə oxumaları müvəqqəti təşkili olunsun:
“Ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.
İlhamə ƏBÜLFƏT