Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində bloger Vyaçeslav Sapunova müsahibə verib.
Nazir bildirib ki, gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edilib:
“Məlumdur ki, 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə etdilər. Min beş yüzdən çox tələbə bu gün də təhsillərini davam etdirir.
Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın fokusu xaricə tələbə göndərilməsindən yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq”.
Mikayıl Cabbarovun sözlərinə görə, xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur: “Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər. Bu iş sosial-iqtisadi inkişafın prioritet və tələblərinə, yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın qabaqcıl sahələri üzrə mütəxəssislər hazırlayan təhsil sahələrinə bilavasitə istinad olunmaqla koordinasiya ediləcək. Təbii ki, bu onların bizə müraciətləri əsasında baş verəcək”.
Müəyyən fasilə verilməsi...
Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, Xaricdə Təhsil Proqramının saxlanılmasına təbii yanaşmaq lazımdır: “Dünyanın bütün ölkələrinin təhsil sistemində xaricdə təhsil mühüm əhəmiyyət kəsb edir. İki elm sahəsinin birləşmiş tədqiqatları hazırda dünyada daha üstündür. Ona görə hesab edirəm ki, fənlərarası yanaşma yenidən gündəmə gəlir.
Prosesə müəyyən fasilə verilməsi, yeni prioritetlər haqqında düşünülməsi mümkündür. Çünki dünyada elmi tədqiqatların istiqaməti demək olar ki, hər il dəyişir”.
“Azərbaycan böyük vəsait ödəyir”
Ekspertin sözlərinə görə, indiki şəraitə magistratura və doktorantura istiqamətində mütəxəssis hazırlığı daha böyük önəm kəsb edir: “Çünki dünyanın aparıcı universitetləri elmi tədqiqatların tətbiqi istiqamətində töhfə verirlər. İndiki şəraitdə magistratura və doktorantura istiqamətində mütəxəssis hazırlığının həyata keçirilməsi vacibdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xeyli sayda gənclərimiz xarici ölkələrin aparıcı universitetlərinin magistratura və bakalavriat pillələrində təhsil alıblar.
Lakin tələbələrin əksəriyyəti universitetləri bitirdikdən sonra ölkəyə qayıtmırlar. Halbuki onların orada təhsil alması üçün Azərbaycan nə qədər pullar ödəyir... Düşünürəm ki, magistr və doktorantura səviyyələri üzrə xaricdə təhsil alınmasının daha yaxşıdır. Ali məktəblərdə və digər sahələrdə elmi dərəcəsini xarici ölkələrin aparıcı universitetlərində almış gənclərə ehtiyac var”.
Bakalavr səviyyəsində xaricdə təhsilin dayandırılmasının müvəqqəti xarakter daşıdığını deyən Etibar Əliyev qeyd edib ki, bu proses yenidən bərpa oluna bilər: “Xaricdə təhsil istənilən ölkənin təhsil siyasətinin əsasını təşkil edir deyə, fikrimcə, fasilə müvəqqətidir və o bərpa olunacaq. Xaricdə kənd təsərrüfatı, nanotexnologiya, bio-kimya, tətbiqi fizika istiqamətlərində mütəxəssis hazırlığı davam etdirilsə yaxşı olar”.
Ekspertin sözlərinə görə, xaricdə təhsilə kvota tətbiqi də mümkündür: “Bir çoxları maliyyə ilə bağlı məsələni siyasiləşdirir. Bu, düzgün deyil. Xaricdə təhsil proqramına müəyyən fasilə verilməsi həm də kvota üzərində düşünülməsinə şərait yaradacaq”.
Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Nicat Musayev isə bildirib ki, müvafiq dövlət proqramı başa çatıb və bir il ərzində nəticələr təhlil ediləcək: “Artıq xaricdə təhsil alan 1289 məzun hesabatlarını Təhsil Nazirliyinə təqdim edib. Onların 60 faizi özəl, 40 faizi isə dövlət işlərində çalışır”.
İlhamə Əbülfət